“Çelsi” futbol klubunun keçmiş futbolçusu Felipe Luis London klubunun yeni baş məşqçisi postuna əsas namizəd hesab olunur.
İdman.Biz xəbər verir ki, insayder Fabritsio Romanonun məlumatına görə, “Zadəganlar”ın rəhbərliyi braziliyalı mütəxəssisin artıq bu yay komandaya təyin olunması variantını ciddi şəkildə nəzərdən keçirir.
Mənbə qeyd edir ki, “Çelsi” rəhbərliyi Felipe Luisi komandanın yenidən qurulması və “Stemford Bric”də yeni oyun fəlsəfəsinin formalaşdırılması üçün uyğun fiqur hesab edir.
Bundan başqa, sabiq müdafiəçinin məşqçi karyerasındakı sürətli inkişafı və klubun daxili mədəniyyətini yaxşı bilməsi də yüksək qiymətləndirilir. O, 2014/15 mövsümündə “Çelsi”nin formasını geyinib.
Həmin dövrdə braziliyalı futbolçu London təmsilçisinin heyətində 26 oyuna çıxıb, İngiltərə Premyer Liqası və Liqa Kubokunun qalibi olub.
Tərəflər arasında danışıqların davam etdiyi bildirilir. Mart ayında “Flamenqo”dan ayrılan Felipe Luis hazırda klubsuzdur.
