Türkiyənin “Qalatasaray” futbol komandasının hücumçusu Viktor Osimhen ilə bağlı diqqətçəkən qərar qəbul olunub.
İdman.Biz xəbər verir ki, İstanbul təmsilçisinin rəhbərliyi Fransanın PSJ, İngiltərənin “Arsenal” və İspaniyanın “Barselona” futbol klublarının marağına baxmayaraq, nigeriyalı forvardı satmamaq qərarına gəlib.
Fransa mətbuatında yer alan xəbərlərə görə, PSJ Osimhen üçün “Qalatasaray”a 75 milyon avro (150 milyon AZN) təklif edib. Daha əvvəl “Arsenal” və “Barselona”nın da ulduz hücumçu ilə maraqlandığı iddia olunub.
Buna baxmayaraq, “Qalatasaray” rəhbərliyi geri addım atmayıb. Klub Osimheni satmaq niyyətində deyil və futbolçunu gələcək mövsümün əsas simalarından biri kimi görür. Türkiyə klubunun baş məşqçisi Okan Burukun da yeni mövsüm üçün heyət planlamasını məhz Osimhen üzərində qurduğu qeyd olunub.
Məlumatda Osimhenin transferinin maliyyə detalları da açıqlanıb. “Qalatasaray”ın 75 milyon avro (150 milyon AZN) bonservis qarşılığında heyətinə qatdığı futbolçu üçün İtaliyanın “Napoli” futbol klubuna ödənişləri mart ayında tam bağladığı bildirilib.
Nigeriyalı hücumçunun illik qazancı 21 milyon avrodur (42 milyon AZN). Bunun 15 milyon avrosunu (30 milyon AZN) “Qalatasaray”, altı milyon avroluq (12 milyon AZN) hissəsini isə sponsorlar qarşılayır.
Viktor Osimhen bu mövsüm “Qalatasaray” forması ilə bütün turnirlərdə 32 oyuna çıxıb. O, bu matçlarda 20 qol vurub və səkkiz məhsuldar ötürmə edib.
