İspaniyanın “Real Madrid” futbol klubunda paltardəyişmə otağındakı sızmalar və komanda daxilindəki gərginliklə bağlı yeni iddialar gündəmə gəlib.
İdman.Biz xəbər verir ki, “El Pais” Madrid klubunda son aylarda yığılan narazılığın Valverde-Tçuameni insidentindən sonra açıq böhrana çevrildiyini yazıb. Mənbənin məlumatına görə, klub daxilində bəzi şəxslərin komanda daxilində baş verənləri mediaya ötürməsindən ciddi narahatlıq var. “Real Madrid”də bu sızmaların sadəcə məlumat yaymaq yox, kluba zərər vurmaq məqsədi daşıdığı düşünülür.
İddia olunur ki, futbolçular artıq bir-birilərindən şübhələnməyə başlayıblar. Bəzi adların digərlərindən daha çox hallanması isə paltardəyişmə otağındakı etimadı daha da zəiflədib. “El Pais”in yazdığına görə, klubda bir neçə nəfərin münaqişələrin ictimailəşməsində maraqlı olduğu düşünülür və bu, paltardəyişmə otağına qarşı “xəyanət” kimi qəbul edilir.
Gərginliyin mərkəzində Federiko Valverde ilə Orelyen Tçuameni arasında yaşanan insident dayanır. “Real Madrid” hadisədən sonra hər iki futbolçu barədə intizam işi açıb. “Real Madrid”in tibbi hesabatında Valverdeyə kəllə-beyin travması diaqnozu qoyulduğu bildirilib. Valverde açıqlamasında komanda yoldaşının onu vurmadığını, özünün də Tçuameniyə zərbə endirmədiyini bildirib.
Sosial şəbəkələrdə Tçuameninin Valverdeni Xabi Alonso ilə bağlı daxili məlumatları sızdırmaqda ittiham etdiyi yazılıb. Həmin iddialara görə, fransalı futbolçu mübahisə zamanı Valverdeyə, “Xabiyə qarşı çıxan futbolçuların səbəblərindən biri sənsən”, - deyə irad bildirib.
İspaniya mətbuatında yayılan digər iddialara görə, komanda daxilindəki gərginlik yalnız Valverde-Tçuameni xətti ilə məhdudlaşmır. Jurnalist Miqel Serranonun məlumatına əsasən, “Real Madrid” futbolçularından bəziləri baş məşqçi Alvaro Arbeloaya qarşı açıq narazılıq nümayiş etdiriblər. İddia olunur ki, bəzi oyunçular ehtiyat oyunçular skamyasında olarkən Arbeloanı təhqir edib və onu “konus” adlandırıblar.
Mənbənin iddiasına görə, Arbeloa bu davranışdan xəbər tutandan sonra həmin futbolçuları bir neçə oyunluq cəza ilə cəzalandırıb.
Məlumatlarda “Real Madrid”də məşqçi dəyişikliyindən sonra toksik atmosfer formalaşdığı da qeyd olunur. İddia edilir ki, Kilian Mbappe, Orelyen Tçuameni və Arda Güler ispaniyalı mütəxəssisin komandada qalmasını istəyib. Vinisius Junior, Federiko Valverde və Cud Bellinqem isə məşqçi dəyişikliyinə tərəfdar olan qrupda göstərilib.
“El Pais” də komandada futbolçular arasında danışmayanların olduğunu, bir qrupun Xabi Alonso ilə münasibətlərini soyutduğunu, digər qrupun isə Alvaro Arbeloaya qarşı eyni münasibət göstərdiyini yazıb. Mənbə klub rəhbərliyinin mövsümün sonunda heyətdə dəyişikliklər etməyi planlaşdırdığını da qeyd edib.
Bununla yanaşı, “El Pais” “Real Madrid”də liderlik çatışmazlığının və təcrübəli avtoritet fiqurların yoxluğunun böhranı dərinləşdirdiyini vurğulayıb. Məqalədə Serxio Ramos, Toni Kross, Raul və Luka Modriç kimi fiqurların əvvəlki illərdə paltardəyişmə otağında tarazlıq yaratdığı xatırladılıb.
