İspaniya çempionatının ikinci divizionunda keçirilən “Almeriya” ilə matçda “Qranada”nın qapıçısı, Fransa futbol millisinin və "Real"ın əfsanəsi Zinəddin Zidanın oğlu Luka Zidan ağır zədə alıb. İyirmi yeddi yaşlı qolkiper rəqib hücumçusu ilə toqquşmadan sonra meydanı tərk etmək məcburiyyətində qalıb.
İdman.Biz xəbər verir ki, ilkin olaraq ona beyin sarsıntısı diaqnozu qoyulsa da, sonradan futbolçunun çənə və çənəaltı nahiyəsinin sındığı məlum olub. Artıq uğurlu əməliyyat olunan Zidan bərpa prosesinə başladığını sosial şəbəkə hesabında paylaşıb.
Qeyd edək ki, bir müddət əvvəl idman vətəndaşlığını dəyişərək Əlcəzair millisini seçən Lüka bu zədə səbəbindən 2026-cı il dünya çempionatını qaçıra bilər.
Əlcəzair yığması mundialın qrup mərhələsində Argentina, Avstriya və İordaniya ilə qarşılaşacaq.
Luka Zidan karyerası ərzində İspaniyanın “Real Madrid”, “Rayo Valyekano” və “Eybar” kimi klublarında çıxış edib.
