“Karvan-Yevlax”ın sabiq baş məşqçisi: “Qarabağ” üzərində qələbə “Neftçi” üçün böyük əhəmiyyət daşıyırdı”

1 May 2026 15:02
123
“Karvan-Yevlax”ın sabiq baş məşqçisi: “Qarabağ” üzərində qələbə “Neftçi” üçün böyük əhəmiyyət daşıyırdı”

“Qarabağ”la oyunda qələbə qazanmaq “Neftçi” üçün olduqca vacib idi”.

Bu barədə “Karvan-Yevlax”ın sabiq baş məşqçisi Azər Həşimov bildirib.

41 yaşlı mütəxəssis Bakı təmsilçisinin 2:1 hesabı ilə qalib gəldiyi Misli Premyer Liqasının 21-ci turundan təxirə salınmış oyunla bağlı fikirlərini bölüşüb.

“Neftçi”yə qələbə olduqca vacib idi. Komanda dördüncü yeri tutmaq və avrokubok şansını daha da artırmağı planlaşdırır. Mübarizədən qopmamağa çalışırlar. Dünənki görüşdə də bunun şahidi olduq. “Qarabağ”la matçda sonadək mübarizə apardılar”, - deyə o, report.az-a açıqlamasında söyləyib.

A.Həşimovun sözlərinə görə, “ağ-qaralar”ın azarkeşləri komandalarının qələbə qazanacağına inanıb:

“Əvvəlki oyundakı 1:5 hesablı məğlubiyyətə baxmayaraq, fanatlar tribunalarda yenə öz yerlərini almışdılar. “Neftçi” xalqın komandasıdır. Həqiqətən bu klubun azarkeşləri ölkəmizdə çoxdur. Görüşdən əvvəl komandanın minimum heç-heçəyə nail olacağını proqnozlaşdırırdım. “Qarabağ” ötən həftəsonu rəqibini 5:1 hesabı ilə yenib. Bəlkə də bəzi oyunçularda bir az arxayınlıq olub. Böyükhesablı qalibiyyətdən sonra istər-istəməz, az da olsa, bu yaşanır. Futbol diqqəti, məsuliyyəti və konsentrasiyanı sevir”.

Xatırladaq ki, “Neftçi” hazırda Misli Premyer Liqasında 47 xalla dördüncü pillədə qərarlaşıb.

İdman.Biz