Liqa 1-in 24-cü turu çərçivəsində keçirilən “Mingəçevir” - “Zaqatala” oyununda qapılara səkkiz qol vurulub.
İdman.Biz xəbər verir ki, Y.Məmmədzadə adına Mingəçevir şəhər stadionunda keçirilən və baş hakim Emin Əliyevin idarə etdiyi oyunda ev sahibi komanda üstün tərəf olub. Buna vurulan qollar da bariz nümunədir. Hesab səkkizinci dəqiqədə açılıb. İlk fərqlənən Xəyal Muradov olub. Cəmi beş dəqiqə sonra Kenneth Kalunga fəqlənib. Cərimə zərbəsi yerinə yetirilərkən qurulan gözəl kombinasiya qolla nəticələnib. Kalunga 55-ci dəqiqədə dublla yadda qalıb.
“Mingəçevir”in digər qollarını Fuad Bayramov (65), Elçin Mustafayev (78), Abba Usman (80) və Rəhim Cəfərli (90) vurublar.
“Zaqatala” vurulan qollardan sadəcə birinin əvəzini çıxa bilib. 85-ci dəqiqədə Mahmudov fərqlənib.
Qeyd edək ki, “Mingəçevir” komandası sona üç tur qalmış 45 xalla turnir cədvəlində ikinci pillədədir və lider “Şəfa”dan yeddi xal geri qalır. “Zaqatala” isə 25 xalla yeddincidir.
