Fransanın PSJ futbol komandasının baş məşqçisi Luis Enrike UEFA Çempionlar Liqasının birinci yarımfinalında Almaniyanın “Bavariya” klubu ilə keçirilən və doqquz qolun vurulduğu dramatik qarşılaşmanı (5:4) karyerasının ən yaddaqalan hadisəsi adlandırıb.
İdman.Biz xəbər verir ki, təcrübəli mütəxəssis oyunun keyfiyyəti haqqında yüksək fikirlər səsləndirib.
“Heç bir şübhə yoxdur ki, bu, məşqçi kimi iştirak etdiyim ən yaxşı matç idi. Mən indiyədək futbol meydanında belə intensivlik və fiziki hazırlıq səviyyəsi görməmişdim. Hamını təbrik etməliyik”, - deyə Enrike bildirib.
Enrike hər iki komandanın qələbəyə bərabər yaxın olduğunu da vurğulayıb:
“Biz bu gün həm qalib gəlməyə, həm heç-heçəyə, həm də məğlubiyyətə layiq idik. Həqiqətən fantastik bir oyun izlədik”.
Qeyd edək ki, doqquz qolun vurulduğu bu tarixi mübarizənin cavab qarşılaşması mayın 6-da Münhendə keçiriləcək.
