Ayxan Abbasovdan qələbə şərhi: “Bəzən lazımsız ajiotaj yaradırıq”

27 Aprel 2026 00:02
199
Ayxan Abbasovdan qələbə şərhi: “Bəzən lazımsız ajiotaj yaradırıq”

Azərbaycan Premyerliqasının 29-cu turunda Gəncənin “Kəpəz” futbol komandası üzərində qələbə qazanan “Şamaxı” komandasının baş məşqçisi Ayxan Abbasov mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb.

İdman.Biz xəbər verir ki, mütəxəssis azarkeşlər önündə qazanılan bu üç xalın əhəmiyyətini vurğulayıb və çoxdandır qələbə qazana bilmirdiklərini vurğulayıb.

“Maraqlı və dinamik oyun oldu. İkinci hissəyə yaxşı başlamasaq da, sonradan nəzarəti ələ aldıq və layiqli qələbə qazandıq”, - deyə Abbasov söyləyib.

Mövsümün sonunda klubdan ayrılacağı barədə danışan Ayxan Abbasov, yeni məşqçi təyinatı ilə bağlı rəhbərliklə hələlik müzakirə aparmadığını bildirib. O, həmçinin milli komandanın üzvü Elvin Cəfərquliyevin əvəzedici heyətə göndərilməsinə və ümumi duruma münasibət bildirib:

“Milliyə namizəd futbolçuların hamısı məni narahat edir. Yaxşı durumda deyilik, potensiallı futbolçularımız azdır. Tək Elvin yox, legioner həyatı yaşayan digər oyunçularımızın da oynamaması bizi narahat edir”.

Hakimlik məsələsinə də toxunan baş məşqçi, AFFA rəhbərliyi ilə bu barədə müzakirələr apardığını deyib:

“Hakimlərin üzərinə çox getmək olmaz. Bəzən lazımsız ajiotaj yaradırıq, futbolu şouya çevirmək istəyirik. Kobud səhvlər olsa da, gənc hakimləri birdəfəlik silib ata bilmərik. Çempionatın səviyyəsi qalxırsa, hakimliyin də səviyyəsi mütləq yüksəlməlidir”.

İdman.Biz