İspaniyanın “Real Madrid” futbol komandasının keçmiş qapıçısı və kapitanı İker Kasilyas “kral klubu”nun baş məşqçisi Alvaro Arbeloanı kəskin tənqid edib.
İdman.Biz “Sport” nəşrinə istinadla xəbər verir ki, Kasilyas Arbeloanın komandanın sükanı arxasına gətirilməsini yüksək səviyyədə dəstəklənməsi ilə əlaqələndirib.
“Şübhəsiz ki, Arbeloa “Real Madrid”in müasir tarixində ən çox irəli çəkilən gənclər komandası məşqçisidir. Bunun izah oluna bilən və hazırda deyilməsi münasib olmayan digər səbəbləri var. Lakin “Real Madrid”in paltardəyişmə otağına yaxın olan hər kəs bunları bilir”, - deyə keçmiş qapıçı vurğulayıb.
Qeyd edək ki, Alvaro Arbeloa 2026-cı ilin yanvarında “Real Madrid”in baş məşqçisi təyin olunub. Onun rəhbərliyi altında komanda çıxdığı 23 matçda 14 qələbə qazanıb və yeddi dəfə məğlub olub.
Hazırda İspaniya La Liqasında 33 oyundan sonra “Barselona” 85 xalla turnir cədvəlinə başçılıq edir. “Real Madrid” isə kataloniyalılardan 11 xal geri qalaraq ikinci pillədə qərarlaşıb.
