Fransa Liqa 1-in 31-ci turunda “Monako” səfərdə “Tuluza”nın qonağı olub. Qarşılaşma 2:2 hesabı ilə başa çatıb.
İdman.Biz xəbər verir ki, matça sürətli başlayan qonaqlar altıncı dəqiqədə Cordan Tezenin qolu ilə önə keçiblər. 18-ci dəqiqədə isə yarımmüdafiəçi Lamin Kamara fərqi iki topa çatdırıb. Lakin meydan sahibləri təslim olmayıblar. 62-ci dəqiqədə Ceysen Rassell-Rou fərqi azaldıb, 90-cı dəqiqədə isə Emersonn Korreya da Silva bərabərlik qolunu vuraraq son nöqtəni qoyub. Fransanın “Monako” futbol komandasının heyətində Aleksandr Qolovin 61-ci dəqiqədə meydana daxil olsa da, effektivliyi ilə seçilməyib.
Hazırda 31 oyundan sonra “Monako” 51 xalla turnir cədvəlinin yeddinci pilləsində qərarlaşıb. “Tuluza” isə 38 xalla onuncu sıradadır.
Növbəti turda “Monako” səfərdə “Metz” ilə üz-üzə gələcək. “Tuluza” isə “Strasburq”u qonaq edəcək.
23:08
Fransa Liqa 1-in 31-ci turu çərçivəsində PSJ səfərdə “Anje”nin qonağı olub. “Raymon Kopa” stadionunda keçirilən görüş qonaqların 3:0 hesablı qələbəsi ilə başa çatıb.
İdman.Biz xəbər verir ki, səkkizinci dəqiqədə PSJ-nin yarımmüdafiçisi Li Kan İn hesabı açıb. 39-cu dəqiqədə Senni Mayulu fərqi iki qata çatdırıb. 52-ci dəqiqədə isə müdafiəçi Lukas Beraldo matçda son nöqtəni qoyub.
Paytaxt təmsilçisi oyunun 74-cü dəqiqəsində azlıqda qalıb. Belə ki, hücumçu Qonsalu Ramuş ikinci sarı vərəqəni alaraq meydandan qovulub.
Bu qələbədən sonra xallarının sayını 69-a çatdıran PSJ turnir cədvəlinə başçılıq edir. 34 xalı olan “Anje” isə 13-cü pillədə qərarlaşıb.
Növbəti turda “Anje” mayın üçündə “Oser”in qonağı olacaq. PSJ isə bir gün əvvəl öz meydanında “Loryan” ilə üz-üzə gələcək.
21:13
Fransa Liqa 1-in 31-ci turunda “Lion” öz meydanında “Oser”i qəbul edib. Azarkeşlərin beş qola şahidlik etdiyi qarşılaşma meydan sahiblərinin 3:2 hesablı qələbəsi ilə başa çatıb.
İdman.Biz xəbər verir ki, matçın 19-cu dəqiqəsində Abnerin ötürməsini dəqiq dəyərləndirən Roman Yaremçuk komandasını önə keçirib. Lakin qonaqlar 35-ci dəqiqədə Sinali Diomandenin qolu ilə tarazlığı bərpa ediblər.
İkinci hissədə təzyiqi artıran “Lion” 66-cı dəqiqədə yenidən hesabı xeyrinə dəyişib. Bu dəfə Eynsli Meytlend-Naylsın ötürməsindən sonra Korentin Tolisso fərqlənib. Cəmi beş dəqiqə sonra Roman Yaremçuk özünün ikinci, komandasının isə üçüncü qolunu rəqib qapısından keçirib. Oyunun son nöqtəsini isə “Oser”in oyunçusu Brayan Oko qoyub.
Bu nəticədən sonra Fransanın “Lion” futbol komandası xallarını 57-ə çatdırıb və hazırda üçüncü pillədədir. “Oser” isə 25 xalla 16-cıdır.
