Bundesliqa: “Hoffenhaym” ilk dördlükdə yerini qorudu - YENİLƏNİB + VİDEO

25 Aprel 2026 23:13
941
Bundesliqa: “Hoffenhaym” ilk dördlükdə yerini qorudu - YENİLƏNİB + VİDEO

Almaniya Bundesliqasının 31-ci turu çərçivəsində “Hoffenhaym” səfərdə “Hamburq”un qonağı olub. Qarşılaşma qonaqların 2:1 hesablı qələbəsi ilə başa çatıb.

İdman.Biz xəbər verir ki, “Hoffenhaym”ın heyətində hücumçular Fisnik Asllani 18-ci dəqiqədə, Tim Lemperle isə 45-ci dəqiqədə fərqləniblər. “Hamburq”un yeganə qoluna 34-cü dəqiqədə penaltini dəqiq yerinə yetirən Robert Qlattsel imza atıb.

Bu qələbədən sonra xallarının sayını 57-yə çatdıran “Hoffenhaym” turnir cədvəlinin dördüncü pilləsində qərarlaşıb. 31 xalı olan “Hamburq” isə 14-cü yerdədir.

20:01

Almaniya Bundesliqasının 31-ci turunda “Bavariya” səfərdə “Maynts” ilə qarşılaşıb. Münhen təmsilçisi 0:3 hesabı ilə geridə olduğu matçda əzmkar qələbə qazanaraq meydanı 4:3 hesablı üstünlüklə tərk edib.

İdman.Biz xəbər verir ki, görüşün ilk hissəsi meydan sahiblərinin mütləq üstünlüyü ilə keçib. “Maynts”ın heyətində Dominik Kor (15-ci dəqiqə), Paul Nebel (29-cu dəqiqə) və Şeraldo Bekker (45+2-ci dəqiqə) fərqlənərək hesabı 3:0 ediblər.

Lakin ikinci hissədə erkən çempionluğunu rəsmiləşdirmiş münhenlilər inanılmaz geri dönüşə imza atıblar. 53-cü dəqiqədə Nikolas Cekson, 73-cü dəqiqədə Maykl Olise fərqi minimuma endirib. Camal Musiala 80-ci dəqiqədə bərabərlik qolunu vurduğu halda, 83-cü dəqiqədə Harri Keyn “Bavariya”ya qələbə qazandıran topu rəqib qapısından keçirib.

Bu nəticədən sonra xallarının sayını 82-yə çatdıran “Bavariya” turnir cədvəlinə başçılıq edir. 34 xalı olan “Maynts” isə 10-cu pillədə qərarlaşıb.

Növbəti turda münhenlilər mayın 2-də “Haydenhaym”ı qəbul edəcək, “karnavalçılar” isə bir gün sonra səfərdə “Sankt-Pauli”nin qonağı olacaqlar.

19:33

Almaniya Bundesliqasının 31-ci turunda “Bayer” səfərdə “Köln” ilə üz-üzə gəlib. Qarşılaşmanın 43-cü dəqiqəsinə qədər hesab açılmayıb.

İdman.Biz xəbər verir ki, cərimə meydançasında əllə oyuna görə təyin edilmiş penaltini Patrik Şik dəqiq yerinə yetirərək qonaqları önə keçirib. İkinci hissənin əvvəlində leverkuzenlilər üstünlüklərini artırıblar. Şik mərkəzdən ötürülən topu texniki vuruşla qapıdan keçirərək dublunu rəsmiləşdirib.

Meydan sahibləri 77-cü dəqiqədə fərqi azaltsalar da, bu, yekun nəticəyə təsir etməyib. Valdşmidt rəqib müdafiəçilərin səhvindən yararlanaraq hesabı 1:2 edib.

“Bayer” səfərdə qazandığı bu qələbə ilə xallarını 55-ə çatdırıb və Çempionlar Liqasına vəsiqə uğrunda mübarizəni davam etdirir.

Hazırda leverkuzenlilər turnir cədvəlində beşinci, “Köln” isə 13-cü pillədə qərarlaşıb.

Paralel keçən oyunda “Haydenhaym” öz meydanında “Sankt-Pauli”ni qəbul edib. Meydan sahibləri 2:0 hesablı qələbə qazanıblar.

Qarşılaşmanın üçüncü dəqiqəsində Budu Zivzivadze rəqib qapısına yol tapıb. Oyunun 82-ci dəqiqəsində “Haydenhaym” üstünlüyünü artırıb. Diant Ramayın məhsuldar ötürməsini Eren Dinkçi qolla tamamlayaraq matçda son nöqtəni qoyub.

Hazırda 22 xalı olan “Haydenhaym” turnir cədvəlinin sonuncu pilləsində qərarlaşıb. 26 xalı olan “Sankt-Pauli” isə 16-cı yerdədir.

“Auqsburq” və “Ayntraxt” arasında keçirilən oyunda isə xallar bölünüb - 1:1.

Meydan sahibləri fasiləyə qədər önə keçməyi bacarıblar. Qolun müəllifi Anton Kade olub. Qarşılaşmanın 66-cı dəqiqəsində qonaqlar hesabı bərabərləşdiriblər. Can Uzunun ötürməsindən sonra Ritsu Doan fərqlənib.

Hazırda 37 xalı olan “Auqsburq” Bundesliqa cədvəlində doqquzuncu pillədə qərarlaşıb. “Ayntraxt”ın isə 43 xalı var və yeddinci yerdədir.

Digər oyunda “Volfsburq” öz meydanında Münhenqladbax “Borussiya”sını qəbul edib. Komandalar bir-birinin qapısına yol tapa bilməyiblər və oyun 0:0 hesablı heç-heçə ilə başa çatıb.

Hazırda 25 xalı olan “Volfsburq” Bundesliqa cədvəlində 17-ci pillədə qərarlaşıb. “Borussiya”nın isə 32 xalı var və 11-ci yerdədir.

İdman.Biz