Dünyanı sarsıdan qəza ilə bağlı qərar açıqlandı - FOTO

25 Aprel 2026 08:20
272
Dünyanı sarsıdan qəza ilə bağlı qərar açıqlandı - FOTO

Ötən ilin iyul ayında futbol dünyasını sarsıdan Dioqu Jota və qardaşı Andre Silvanın ölümü ilə bağlı aparılan araşdırmalar yekunlaşıb.

İdman.Biz xəbər verir ki, İspaniya məhkəməsi İngiltərənin “Liverpul” futbol komandasının sabiq ulduzu Dioqu Jota və qardaşının ölümü ilə nəticələnən hadisədə heç bir cinayət məsuliyyətinin olmadığı barədə qərar çıxarıb.

2025-ci il iyulun 3-də İspaniyanın Samora vilayətində baş verən qəzada hər iki futbolçu həyatını itirmişdi. Araşdırma nəticəsində məlum oldu ki, hadisəyə yüksək sürətlə hərəkət edən “Lamborghini” markalı avtomobilin ötmə əməliyyatı zamanı təkərinin partlaması səbəb olub. İdarəetmədən çıxan maşın maneəyə çırpılaraq alovlanıb.

Kastiliya və Leon Ali Məhkəməsindən “The Athletic” nəşrinə verilən məlumata görə, mütəxəssis rəyləri qəzanın bədbəxt hadisə olduğunu təsdiqləyib:

“Məhkəmə mülki qvardiyanın yol hərəkəti bölməsinin ekspert hesabatlarını qiymətləndirdikdən sonra cinayət işinə xitam verib. Bu qərar zərərçəkmiş tərəflərin mülki qaydada iddia qaldırmasına mane olmur”.

Xatırladaq ki, 28 yaşlı Jota qəza zamanı kiçik cərrahiyyə əməliyyatından sonra uçuş qadağası olduğu üçün İngiltərəyə maşınla qayıdırdı. O, həmin mövsüm “Liverpul”la İngiltərə Premyerliqasının qalibi olmuş, Portuqaliya millisi ilə isə Millətlər Liçasını qazanmışdı. Onun 25 yaşlı qardaşı Andre Silva isə Portuqaliyanın “Penafiel” futbol komandasının yarımmüdafiəçisi idi.

Jotadan geriyə qəzadan cəmi iki həftə əvvəl evləndiyi xanımı Rut Kardosu və üç övladı qalıb.

İdman.Biz