İspaniyanın “Barselona” futbol komandasının baş məşqçisi Hansi Flik gənc müdafiəçi Alexandro Baldenin oyun müddətinin azalmasının səbəbini açıqlayıb. Almaniyalı mütəxəssis bu mövqedə Joau Kanselonun nümayiş etdirdiyi yüksək formanı əsas amil kimi göstərib.
İdman.Biz xəbər verir ki, Baldenin zədədən qayıtmasına baxmayaraq, Flik hazırda portuqaliyalı müdafiəçiyə daha çox güvənir. Baş məşqçi komandadakı rəqabətin təbii olduğunu vurğulayıb.
“Balde zədədən yeni qayıdıb, Kanselo isə hazırda çox yaxşı oynayır. Futbol belədir. Çempionluğu qazanmaq üçün bu son altı oyunda hər kəsə ehtiyacımız olacaq”, - deyə Flik bildirib.
Baldenin oyun müddətinin məhdudlaşması isə onun gələcəyi ilə bağlı suallar yaradıb. Britaniya mətbuatı, xüsusən də “Mançester Yunayted”in yay transfer pəncərəsində 22 yaşlı müdafiəçi üçün təklif göndərə biləcəyini iddia edir. Lakin futbolçunun özünün Kataloniya klubunda qalmaq istədiyi bildirilir.
