İspaniya La Liqasında çempionluq uğrunda mübarizə aparan İspaniyanın “Real Madrid” futbol komandası səfərdə “Betis”in qonağı olub. Matç 1:1 hesabı ilə başa çatdıqdan sonra madridlilərin baş məşqçisi Alvaro Arbeloa həm hakimlik, həm də komandanın ulduzu Kilian Mbappenin durumu ilə bağlı fikirlər səsləndirib.
İdman.Biz “AS” nəşrinə istinadla xəbər verir ki, Arbeloa 81-ci dəqiqədə əvəzlənməsini istəyən Mbappenin vəziyyətinin qeyri-müəyyən olduğunu bildirib:
“Mbappenin vəziyyəti haqqında heç bir fikrim yoxdur. Problemləri var idi. Yaxın günlərdə hər şeyin necə inkişaf edəcəyini görəcəyik”.
Baş məşqçi həmçinin matçın baş hakimi Sezar Soto Qradonu sərt tənqid edib. Arbeloa həm birinci hissədə Rikardo Rodriqesin əlinə dəyən topa görə penalti verilməməsindən, həm də son dəqiqələrdə qapılarına vurulan qol öncəsi Ferlan Mendiyə qarşı fol olduğunu deyib:
“Mənim üçün Mendiyə qarşı qayda pozuntusu açıq-aydın idi. Belə vəziyyətlərdə tarazlığı itirmək üçün böyük gücə ehtiyac yoxdur. Lakin bunu anlamaq üçün futboldan bir az başın çıxmalıdır. Bizim problemimiz ondadır ki, qərar verənlər bundan anlamırlar. Birinci hissədə matçın taleyini həll edə biləcəyimiz aşkar penalti var idi”.
