Rodriqo “Real”ın gedəcək oyunçular siyahısına salınıb

25 Aprel 2026 04:38
316
Rodriqo “Real”ın gedəcək oyunçular siyahısına salınıb

İspaniyanın “Real Madrid” komandasının futbolçusu Rodriqo karyerasının ən çətin dövrlərindən birini yaşayır. Hazırda ağır zədə ilə mübarizə aparan 25 yaşlı hücumçunun Madrid klubundakı gələcəyi böyük sual altındadır.

İdman.Biz xəbər verir ki, klub rəhbərliyi və məşqçilər heyəti braziliyalı forvardın son çıxışlarından tam razı deyil. Xüsusilə Vinisius Junior və Kilian Mbappenin hücum xəttindəki dominantlığı Rodriqonun əsas heyətdəki yerini və komanda üçün əhəmiyyətini azaldıb. Məlum oldu ki, “kral klubu” heyəti yenidən formalaşdırmaq və maliyyə vəsaiti toplamaq üçün yay transfer pəncərəsində gələn təklifləri dəyərləndirməyə hazırdır.

Rodriqonun vəziyyətini daha da qəlizləşdirən mart ayının əvvəlində “Xetafe” ilə matçda aldığı ağır zədədir. Tibbi müayinələr nəticəsində futbolçunun sağ dizinin ön çarpaz bağlarının qırıldığı və menisküsünün zədələndiyi təsdiqlənib. Bu zədə səbəbindən o, mövsümün qalan hissəsini və 2026-cı il dünya çempionatını qaçırmalı olacaq. 10-12 aylıq bərpa müddəti onun transfer bazarındakı dəyərinə təsir etsə də, hələ də Avropanın nəhəng klublarının diqqət mərkəzindədir.

Klub prezidenti Florentino Peres heyətdə balans yaratmaq və daha həlledici oyunçulara yer açmaq niyyətindədir. Rodriqonun istedadı şübhə doğurmasa da, “Real”ın dərhal nəticə tələb etməsi onun satılma ehtimalını artırır. Braziliyalı ulduzla Premyerliqa klublarının, xüsusən də “Arsenal” və “Mançester Siti”nin maraqlandığı iddia edilir.

Qeyd edək ki, Rodriqo bu mövsüm La Liqada keçirdiyi 19 oyunda cəmi bir qol və üç məhsuldar ötürmə ilə yadda qalıb.

İdman.Biz