Alvaresin qardaşları Barselonada ev axtarır

25 Aprel 2026 03:49
309
Alvaresin qardaşları Barselonada ev axtarır

İspaniyanın “Atletiko Madrid” futbol komandasının argentinalı hücumçusu Xulian Alvareslə bağlı sensasiyalı məlumat yayılıb. Argentinalı ulduzun “Barselona” futbol komandasına keçmək ehtimalı getdikcə güclənir.

İdman.Biz “TNT Sports” nəşrinə istinadla xəbər verir ki, futbolçunun yaxın çevrəsi artıq konkret addımlar atmağa başlayıb. Məlum oldu ki, Alvaresin qardaşları hazırda Barselona şəhərindədir və idmançı üçün ev axtarışı ilə məşğuldurlar. Jurnalist Emiliano Radci də təsdiqləyib ki, futbolçunun nümayəndələri Kataloniya paytaxtında yaşayış variantlarını araşdırırlar.

“Barselona” rəhbərliyi 26 yaşlı dünya çempionunu Robert Levandovskinin potensial əvəzləyicisi və hücum xəttinin yeni lideri kimi görür. Lakin bu transferin reallaşması kifayət qədər mürəkkəb görünür. Xulian Alvares cəmi bir il əvvəl İngiltərənin “Mançester Siti” futbol komandasından 75 milyon avroya (təxminən 150 milyon AZN) Madrid klubuna transfer olunub və 2030-cu ilə qədər müqavilə imzalayıb. “Atletiko Madrid”in prezidenti Xavyer Sereso daha əvvəl bildirmişdi ki, klub öz ulduzunu asanlıqla buraxmaq niyyətində deyil.

Qeyd edək ki, ev axtarışı transferin rəsmiləşməsi mənasına gəlməsə də, bu addım klublararası danışıqlarda həlledici mərhələnin başlanğıcı kimi qiymətləndirilir.

İdman.Biz