İtaliyanın Paviya şəhərində 25 yaşlı futbolçu Qabriel Vakkaro bir neçə şəxsin hücumu nəticəsində həyatını itirib.
İdman.Biz bu barədə xarici KİV-ə istinadən xəbər verir.
Bildirilir ki, Vakkaro iki dostu ilə birlikdə avtomobilinə doğru gedərkən onlara beş yeniyetmə hücum edib. Onlardan biri - 17 yaşlı şəxs futbolçuya vintaçan ilə boyun və qarın nahiyəsindən zərbələr endirib. Yaralının dostları əvvəlcə xəsarətlərin ağırlığını tam anlamayıb və onu evə aparıblar. Daha sonra isə təcili tibbi yardım çağırılıb.
Qabriel Vakkaro xəstəxanaya çatdırılsa da, həkimlərin səylərinə baxmayaraq, aldığı xəsarətlərdən dünyasını dəyişib. Onun dostlarından biri də qarın nahiyəsindən yaralanıb, vəziyyətinin stabil olduğu bildirilir.
İstintaqın məlumatına görə, münaqişə hücum edən gənclərin futbolçundan əlindəki pizza qutularını onlara verməsini tələb etmələrindən sonra başlayıb. Vakkaronun imtinası onların aqressiv davranışına səbəb olub. Hazırda üç şübhəli saxlanılıb, araşdırma davam edir.
