Firuz Abdulla: “Proqnoz verəcək qədər fövqəladə istedad sahibi deyiləm” - MÜSAHİBƏ

24 Aprel 2026 13:39
181
Firuz Abdulla: “Proqnoz verəcək qədər fövqəladə istedad sahibi deyiləm” - MÜSAHİBƏ

“Futbolda qalib gələ bilməyəcəyin və məğlub olmaq ehtimalını sıfıra bərabər tutacağın rəqib olmur”.

Bunu “Səbail” klubunun icraçı direktoru Firuz Abdulla sport24.az-a müsahibəsində deyib.

Həmin müsahibəni təqdim edirik.

- “Difai”ni böyük hesabla məğlub etdiz. Hesabın bu cür olacağını gözləyirdiz?

- Vacib olan qələbədir. Əgər vurulan və ya buraxılan topların fərqi mərhələ adlamaq, yaxud turnir cədvəlində mövqeni yaxşılaşdırmaq baxımından xüsusi əhəmiyyət kəsb etmirsə, 3 xalı gətirən istənilən hesab məqbuldur. Əlbəttə, böyükhesablı qələbə daha çox emosiya bəxş edir. Ən azı, ona görə ki, bir deyil, bir neçə qola sevinirsən. Belə hesabı gözləməyə gəlincə, o cür bərbad or örtüyündə gözləntilərdən daha yüksək nəticə olduğunu səmimi etiraf etməliyəm. Çətin şərtlər altında qələbə qazanan futbolçularımıza hər şeydən öncə fədakarlıqlarına görə təşəkkür edirəm.

- Əsas rəqibləriniz uduzdu, ikinci pilləyə yüksəldiz. Mövsümün sonuna kimi ən azı bu nəticəni qoruyub saxlayacağınıza inanırsız?

- İnanmamaq üçün əsas görmürəm. Marafonun sonuna çox az qalıb. Etiraf etməliyik ki, geridə qalan tur bizim üçün bir çox meyarlar baxımından uğurlu oldu. Həm inamlı qələbə qazandıq, həm də turnir cədvəlində bizdən daha yuxarı pillədə yer alan rəqiblərimiz məğlub oldu. İnam vacib amildir, amma məqsədə çatmaq üçün təkcə bu yetərli deyil. Maksimum konsentrasiya və hər oyuna “son qarşılaşma” prinsipi ilə yanaşmaq lazımdır. Yalnız bu halda nəticə əldə etmək mümkündür.

- Mövsümü ikinci yerdə bitirəcəyiniz halda elitanın 11-ci komandası ilə pley-off oyanayacaqsız. İndiki “Səbail” bu səddi keçmək iqtidarındadır?

- Futbolda qalib gələ bilməyəcəyin və məğlub olmaq ehtimalını sıfıra bərabər tutacağın rəqib olmur. İstənilən komanda ilə oyunda ən az ehtimal olunan nəticə əldə etmək olar - həm mənfi, həm də müsbət mənada. Amma hazırkı vəziyyətdə, iştirakçısı olacağımız tam yəqinləşməmiş bir oyundakı məchul rəqibimizi məğlub edib-etməyəcəyimizlə bağlı sualın cavabında dəqiq proqnoz verəcək qədər fövqəladə istedad sahibi deyiləm.

- Atalar “Şər deməsən, xeyir gəlməz” deyiblər. Elitaya vəsiqə qazana bilməsəz, Adil Şükürovla yolları ayıracaqsız, yoxsa...

- Adil Şükürovun fəaliyyəti bizi tam olaraq qane edir, hər hansı başqa variant barədə düşünməyi belə, düşünmürük.

- “Bayıl Arena” cari mövsüm başa çatdıqdan sonra – may ayında əsaslı təmirə bağlanacaq. Ev oyunlarınızı harda keçirməyi düşünürsüz?

“Bayıl Arena”dan istifadə ilə bağlı mövsümün sonuna qədər AFFA və “Səbail” arasında müqavilə var. Müqavilə başa çatdıqdan sonra yenidən bu məsələni müzakirə edəcəyik. Klubumuz 10 ildir ki, bu stadionda məşq və oyunlarını keçirir, ümidvaram ki, gələcəkdə də bununla bağlı hər hansı çətinliklə üzləşməyəcəyik. Təmir işlərinin operativ şəkildə yekunlaşacağına və növbəti mövsümün startına qədər stadionun istifadəyə hazır olacağına ümid edirəm.

- Mətbuatda kluba yeni sponsorun gələcəyi haqda məlumatlar dolaşır. Bu, nə dərəcədə doğru məlumatdır?

- Kluba sponsorun cəlb olunması ilə bağlı müxtəlif istiqamətlərdə çalışırıq. Təəssüf ki, bu günə qədər konkret nəticə əldə olunmayıb. Təbii ki, sponsorla anlaşacağımız təqdirdə ictimaiyyətə məlumat veriləcək.

İdman.Biz