“Etnik azərbaycanlıları milliyə cəlb etmək lazımdır” - Yevgeni Kukseviçin İDMAN.BİZ-ə AÇIQLAMASI

24 Aprel 2026 12:08
215
“Etnik azərbaycanlıları milliyə cəlb etmək lazımdır” - Yevgeni Kukseviçin İDMAN.BİZ-ə AÇIQLAMASI

Cari ay futzal üzrə Azərbaycan millisi Gürcüstan (2:5, 2:4) və Qazaxıstan (2:9, 2:4) yığmalarına qarşı oyunlarda meydanı məğlub tərk edib.

Komandanın məğlubiyyətlə üzləşdiyi bu qarşılaşmalarla bağlı məsələni şərh etmək üçün İdman.Biz milli komandanın baş məşqçisi Yevgeni Kukseviçə müraciət edib.

“Bəli, biz dörd yoldaşlıq oyununun hamısında – ikisi Tbilisidə, ikisi isə Aktau şəhərində olmaqla məğlub olduq. Lakin, birincisi, futbolçular qısa müddətdə - cəmi altı gün ərzində bu qədər oyun keçirərək əvəzolunmaz təcrübə qazandılar. İkincisi, bu görüşlər mənə yığmanın əsas heyətini formalaşdırmağa və güvənə biləcəyim oyunçuları müəyyənləşdirməyə kömək etdi. Qazaxıstanla son oyunda məhz bu futbolçular meydan sahiblərinə ciddi müqavimət göstərdilər” - deyə futzal millimizin baş məşqçisi qeyd edib.

Yevgeni Kukseviç fikrinin davamında vurğulayıb ki, Azərbaycanda güclü futzalçıların mini-futbola axını problemi var və bununla bağlı tədbir görmək lazımdır.

“Hazırda Rusiyada yaşayan və klub səviyyəsində çıxış edən etnik azərbaycanlıları milliyə cəlb etmək imkanı var. Komandamızın səviyyəsini və güclü rəqiblərlə oyunlarda rəqabət qabiliyyətini artırmaq üçün bu imkandan istifadə etməliyik. Belə güclənmə bizə sadəcə olaraq zəruridir”, – deyə Yevgeni Kukseviç bildirib.

İdman.Biz