“Şamaxı”nın qapıçısı: “Ayxan Abbasovun gedişinin komandaya mənfi təsiri olacaq” - MÜSAHİBƏ

24 Aprel 2026 14:10
186
“Şamaxı”nın qapıçısı: “Ayxan Abbasovun gedişinin komandaya mənfi təsiri olacaq” - MÜSAHİBƏ

“Bizi çox çətin oyun gözləyir. Bəli, cari mövsümdə keçirdiyimiz oyunlarda hələlik ümumi hesabda bərabərlik var”.

Bunu “Şamaxı”nın qapıçısı Abdulla Seydəhmədov futbolinfo.az-a müsahibəsində deyib.

Həmin müsahibəni təqdim edirik.

– Fərdi baxımdan bu mövsüm Premyer Liqada ilk oyununuzu keçirdiniz. Həyəcan var idi? Öz çıxışınızı necə qiymətləndirirsiniz?

– Kubokda iştirak etsəm də, çempionatda bu mövsüm ilk oyunum idi. Amma heç bir həyəcan yox idi.

– Rikardo Fernandes hazırda Azərbaycan çempionatında çıxış edən ən güclü qapıçılardan sayılır. Onunla rəqabət aparmaq çətin olduğu qədər, məşqlərdə ondan görüb-götürmək də yaxşı imkan sayılmalıdır. Elə deyilmi?

– Bəli, elədir. Həqiqətən də Rikardo çempionatımızın ən yaxşı qapıçılarındandır. Əlbəttə ki, geridə qalan müddətdə ondan çox şey öyrənmişəm.

– Növbəti turda “Kəpəz”i qəbul edəcəksiniz. Bu mövsüm Gəncə klubu ilə aranızdakı oyunlarda bir dəfə rəqib qələbə qazanıb, bir dəfə siz. Budəfəki oyundan gözləntiniz nədir?

– Bizi çox çətin oyun gözləyir. Bəli, cari mövsümdə keçirdiyimiz oyunlarda hələlik ümumi hesabda bərabərlik var. Əlimizdən gələni edəcəyik ki, qalib gələk.

– Baş məşqçiniz Ayxan Abbasovun cari mövsümün sonunda “Şamaxı”dan ayrılacağını nəzərə alsaq, komanda növbəti sezonda problem yaşaya bilərmi?

– Ayxan məllim gözəl kollektiv qurmuşdu və “Şamaxı”da çox yaxşı işlər gördü. Təbii ki, gedişinin komandaya mənfi təsiri olacaq.

– “Şamaxı” ilə müqaviləniz mövsümün sonuna qədərdir. Rəhbərlik sizə yeni sözləşmə təklif edib? Qalacaqsınız, yoxsa yayda “Şamaxı”dan ayrılmaq variantı var?

– Düz qeyd etdiniz, “Şamaxı” ilə sözləşməmin müddəti mövsümün sonunda bitəcək. Bu haqda rəhbərliklə hələ danışığımız olmayıb. Necə olacağını zaman göstərəcək.

İdman.Biz