Nagelsman “Mançester Yunayted”ə “hə” deyib: Amma bir maneə var

24 Aprel 2026 09:30
382
Nagelsman “Mançester Yunayted”ə “hə” deyib: Amma bir maneə var

İngiltərənin “Mançester Yunayted” futbol komandasının sükanı arxasına kimin keçəcəyi ilə bağlı qeyri-müəyyənlik davam edir. Hazırda bu vəzifəyə ən real namizəd kimi yanvar ayından bəri müvəqqəti olaraq komandaya rəhbərlik edən Maykl Kerrik göstərilir.

İdman.Biz “Sully Talkz” portalına istinadla xəbər verir ki, Kerrikin nümayiş etdirdiyi sakit yanaşma və ilk nəticələr klub daxilində ona olan dəstəyi artırıb. Lakin rəhbərlikdə bəzi şəxslər gənc mütəxəssisin çempionluq mübarizəsi apara biləcək komanda qurmaq üçün kifayət qədər təcrübəyə malik olub-olmaması ilə bağlı tərəddüd edirlər.

Namizədlər arasında adı hallanan digər şəxs isə Almaniya millisinin baş məşqçisi Culian Nagelsmandır. Məlumata görə, almaniyalı mütəxəssis “qırmızı şeytanlar”ı çalışdırmağa müsbət yanaşır və klub tərəfi artıq onunla ilkin əlaqə yaradıb. Lakin bu keçidin qarşısındakı ən böyük maneə qarşıdan gələn dünya çempionatıdır. Nagelsmanın milli komanda ilə öhdəlikləri və turnir qrafiki onun Mançesterə gəlişini çətinləşdirir.

Ceyson Vilkoks və Ömər Berrada kimi klub rəsmiləri növbəti təyinatın uzunmüddətli uğur gətirməsi üçün ehtiyatlı davranırlar. Onlar əvvəlki uğursuzluqları təkrarlamamaq üçün ən doğru qərarı verməyə çalışırlar.

İdman.Biz