Türkiyə kubokunun 1/4 final mərhələsində böyük sürpriz yaşanıb. Öz meydanında “Gənclərbirliyi” klubunu qəbul edən “Qalatasaray” rəqibinə 0:2 hesabı ilə məğlub olaraq turnirlə vidalaşıb. Qarşılaşmaya damğa vuran hadisə isə “sarı-qırmızılılar”ın təcrübəli qapıçısı Günay Güvençin matçın sonundakı göz yaşları olub.
İdman.Biz xəbər verir ki, “Gənclərbirliyi”nin 1:0 hesabı ilə öndə olduğu kritik dəqiqələrdə Günay Güvenç ciddi səhvə yol verib. Künc zərbəsindən sonra topu əlindən qaçıran qapıçı qapısında ikinci qolu görüb. Bu səhvdən sonra tribunalardakı azarkeşlər təcrübəli əlcək sahibini kəskin şəkildə fitə basaraq etirazlarını bildiriblər.
Matçın bitiş fitindən sonra emosiyalarını cilovlaya bilməyən Günay meydanın mərkəzində hönkür-hönkür ağlayıb. Komanda yoldaşları və texniki heyət onu təsəlli etməyə çalışsa da, futbolçunun kədəri kameralardan yayınmayıb.
Lakin oyunun ardından “Qalatasaray” azarkeşləri qapıçıya olan qəzəblərini dəstəklə əvəz ediblər. Onlar paltardəyişmə otağına yollanan Günayın geri qayıtması üçün Barış Alper Yılmaza müraciət ediblər. Komanda yoldaşının müşayiəti ilə yenidən meydana dönən 34 yaşlı qapıçı alqışlarla qarşılanıb. Fanatlar “Bu azarkeş səninlə qürur duyur” şüarları səsləndirərək Günay Güvençə mənəvi dəstək olublar.
Klubun rəsmi sosial şəbəkə hesabında da Günayla bağlı paylaşım edilib:
“Qalatasaray bir kəndiri birlikdə çəkənlərin, hamılıqla kədərlənib, birlikdə sevinməyi bacaranların komandasıdır”.
