“Real Madrid”in və İngiltərə futbol millisinin ulduzu Cud Bellingem kriket dünyasına addım atıb. 22 yaşlı futbolçu “Birmingham Phoenix” kriket klubunun azlıq payına sahib olub.
İdman.Biz xəbər verir ki, əslən birmingemli olan Bellingem təxminən 800 min funt sterlinq (1 milyon 828 min AZN) qarşılığında klubun 1,2 faizlik səhmini alıb. Hazırda klubun əsas səhmdarı 50,4 faizlə “Warwickshire County Cricket Club” olaraq qalır. Digər 48,4 faizlik pay isə NFL əfsanəsi Tom Breydinin də ortaq olduğu “Knighthead Capital Management” şirkətinə məxsusdur.
Yeni investisiyası barədə danışan Bellingem bu addımı şəhərinə olan sevgisi ilə əlaqələndirib. O bildirib ki, bu şəhərə nəsə borclu olduğunu hiss edir və investisiya həmin borcu ödəmək üçün yaxşı yoldur. Birmingemin hər kəsin bir-birinə uğur arzuladığı bir yer olduğunu deyən futbolçu, burada böyüdüyü üçün özünü şanslı hesab edir.
Ulduz futbolçu kriketə olan marağının uşaqlıq illərindən başladığını bildirib. O, qardaşı Cob Bellingemlə tez-tez kriket oynadıqlarını və bunun hər zaman böyük rəqabətlə müşayiət olunduğunu vurğulayıb. Futbolçunun sözlərinə görə, istər “Monopoliya”, istər futbol, istərsə də kriket oynamalarından asılı olmayaraq, uşaqlıqdakı bütün yarışları dava və göz yaşları ilə bitirdi.
Qeyd edək ki, “Birmingham Phoenix” 2021-ci ildə yaradılan “The Hundred” turnirində mübarizə aparır. Komandanın qlobal nüfuzu Tom Breydinin gəlişindən sonra sürətlə artıb.
