“Sabah” komandası “Qarabağ”ın “düsturunu tapdığı” üçün Azərbaycan Kubokunda finala yüksəlməyə daha yaxındır”.
Bunu “Neftçi”nin sabiq baş məşqçisi Samir Abasov bildirib.
Təcrübəli mütəxəssis yarımfinalın bu gün baş tutacaq cavab görüşü öncəsi şansları dəyərləndirib.
“Son vaxtlar maraqla izlədiyim oyunlar elə “Sabah” və “Qarabağ” arasındakı görüşlərdir. Çünki maraqla gözlənilir. Kubok oyunudur, hər iki komanda titul qazanmaq istəyir. “Qarabağ” həm titul, həm də “Sabah”a məğlub olmamaq üçün bu matçdan yapışacaq. Amma son qarşılaşmalar göstərir ki, “Sabah” “Qarabağ”a qarşı necə oynamaq, necə qalib gəlmək və uduzmamaq lazım olduğunu bilir. Sanki rəqibin “düsturunu tapıblar”. “Qarabağ” üçün öz oyununu dəyişmək bir az çətindir, çünki mövsümün sonudur və buna vaxt lazımdır. Bəlkə növbəti mövsümdə tam fərqli “Qarabağ” görə bilərik”, - deyə o, report.az-a açıqlamasında söyləyib.
S.Abasov psixoloji üstünlüyün də paytaxt təmsilçisinin tərəfində olduğunu vurğulayıb:
“Nədənsə, finala çıxacaq komanda kimi “Sabah”ı görürəm. Dünənə qədər “Qarabağ”ın təcrübəsinə görə üstünlük onlarda idi, amma görünən odur ki, “Sabah” bu sınağa çox hazırdır. Çempionatdakı şəxsi oyunlarda da “Sabah” rəqibini üstələyir. Bu durum “Qarabağ”ın futbolçularında psixoloji təzyiq yarada bilər. Artıq neçənci dəfədir ki, rəqibi üstələyə bilmirlər. Əlbəttə, mən kənardan baxan insanam, bəlkə də onlar bu cür oyunlara öyrəşdikləri üçün çox rahatdırlar. İstənilən halda, futbolun içində olan insan kimi “Sabah”ı bir addım öndə görürəm”.
Qeyd edək ki, komandalar arasında cavab görüşü bu gün “Bank Respublika Arena”da, saat 20:00-da start götürəcək. İlk oyunda heç-heçə (2:2) qeydə alınıb.
