Ramin Quliyev: “Sabah”dan fərqli, “Qarabağ”ın üzərində təzyiq çoxdur”

22 Aprel 2026 12:41
148
Ramin Quliyev: “Sabah”dan fərqli, “Qarabağ”ın üzərində təzyiq çoxdur”

“Şanslar bərabərdir. Mövsümün iki iddialı komandası üz-üzə gəlir. İlk görüş heç-heçə başa çatdığından hər iki kollektiv həlledici görüşü vəsiqə qazana bilər”.

Bu sözləri “Sabah”ın sabiq baş məşqçisi Ramin Quliyev deyib.

Mütəxəssis bu gün keçiriləcək Azərbaycan kubokunun yarımfinal mərhələsinin cavab oyunu - “Sabah” - “Qarabağ” matçı ilə bağlı gözləntilərini bölüşüb.

“Qarabağ” çempionluq şansını demək olar ki, itirdiyi üçün “Sabah”ı məğlub edib kuboku qazanmaq haqda düşünür. Fikrimcə, ağdamlılar bütün gücünü ortaya qoyacaq ki, finala yüksəlsin. Bu mövsüm “Sabah”a qarşı oyunlarda istədiyi nəticələri əldə edə bilməyib. Bu da onu göstərir ki, iki güclü komanda üz-üzə gələcək və bizi gərgin mübarizə gözləyir. “Sabah” artıq çempionluq məsələsini həll edib. Kubokda da həlledici görüşün bir addımlığındadır. Valdas Dambrauskasın komandası “qızıl dubl” etmək üçün əlindən gələni edəcək. Hansı komanda psixoloji cəhətdən bu görüşü daha yaxşı hazırdısa, o da finala yüksələcək. “Sabah”dan fərqli, “Qarabağ”ın üzərində təzyiq çoxdur”, - deyə o, sport24.az-a açıqlamasında deyib​.

Qeyd edək ki, “Sabah” - “Qarabağ” matçı bu gün “Bank Respublika Arena”da keçiriləcək. Qarşılaşmanın start fiti saat 20:00-da səslənəcək. İlk görüş 2:2 hesabı ilə başa çatıb.

İdman.Biz