“Çox sevinirəm. Həm finala çıxdığımıza görə, həm də iki sarı vərəqəm var idi”.
Bunu “Zirə”nin hücumçusu Eren Aydın futbolxeber.az-a müsahibəsində deyib.
Həmin müsahibəni təqdim edirik.
- Azərbaycan kubokunun yarımfinal mərhələsinin cavab oyununda “Turan Tovuz”la bərabərə qaldınız. Qolsuz heç-heçəni necə şərh edərdiniz?
- Matçın çətin keçəcəyini bilirdik. “Turan Tovuz” yaxşı komandadır. Təbii ki, biz də. Oyun əsasən meydanın mərkəzində keçdi. Son 25 dəqiqədə rəqib bir qədər basqılı oynadı. Əks hücumda şanslarımız var idi. Əgər son ötürmələrdə dəqiq oynasaydıq, qələbə də qazana bilərdik.
- Xüsusən də bir epizodda top sizə gəlmədi və buna çox əsəbləşdiniz.
- Bəli, o dəqiqələrdə sakit qalmalı idik. Çünki ilk oyundan sonra üstünlüyümüz var idi. Cavab matçında isə qapımızı toxunulmaz saxlamalı idik. Qol vura bilsəydik, rəqib təslim olacaqdı.
- Amma qapınızda bir qol gördünüz...
- Həmin anda qolun ləğv olunacağına əmin idim. Çünki top rəqib futbolçunun əlinə dəymişdi. Hakim də VAR-a baxdıqdan sonra düzgün qərar qəbul etdi.
- Artıq finaldasınız. Təəssüratlarınız necədir?
- Çox sevinirəm. Həm finala çıxdığımıza görə, həm də iki sarı vərəqəm var idi. Cəzalı duruma düşdüyümü zənn edirdim. Sonradan bildim ki, qaydalara əsasən finalda vərəqələr silinir. Bu da məni ayrıca sevindirdi.
- Finalda rəqib qismində hansı komandanı görmək istərdiniz?
- Hər iki komanda çox güclüdür, həm “Qarabağ”, həm də “Sabah”. Finalda hansı düşsə, çətin olacaq. “Sabah” çempionatda daha yaxşıdır, liderdir. “Qarabağ”ın isə zəngin təcrübəsi var. Bu cür finalları çox görüblər.
- Həftə sonu çempionatda yenidən “Turan Tovuz”la qarşılacaqsınız. Çətin Tovuz səfərindən gözləntiləriniz?
- Kubokda ilk oyundakı nəticənin üstünlüyü var idi. Lakin çempionat matçında elə bir üstünlük olmayacaq. Çempionatda dördüncü pillədəki mövqeyimizi qorumalıyıq. Bu halda avrokuboklara gedəcəyimizi əminliklə söyləmək mümkündür. “Neftçi” arxadan gəlir. Onlar da bu həftə “Qarabağ”la qarşılaşacaqlar. Səfərdə alacağımız xal və xallar bizə Avropa yolunda çox kömək olacaq.
