“Fənərbağça” azarkeşlərindən Domeniko Tedeskoya istefa çağırışı

22 Aprel 2026 07:33
256
“Fənərbağça” azarkeşlərindən Domeniko Tedeskoya istefa çağırışı

Türkiyə Kubokunun 1/4 final mərhələsində “Konyaspor”a 0:1 hesabı ilə uduzaraq mübarizəni dayandıran “Fənərbağça”da gərginlik pik həddə çatıb. Qarşılaşmanın 120+2-ci dəqiqəsində buraxılan qol nəticəsində turnirdən kənarda qalan “sarı-lacivərdlilər”in tərəfdarları məğlubiyyətin günahkarı kimi baş məşqçi Domeniko Tedeskonu göstəriblər.

İdman.Biz xəbər verir ki, azarkeşlər matçın yekununda italiyalı mütəxəssis üçün “İstefa!” şüarları səsləndiriblər. Sosial şəbəkələrdə də minlərlə paylaşım edən fanatlar komandanın oyunundan və nəticədən narazılıqlarını kəskin şəkildə ifadə ediblər. Onlar Tedeskonun taktiki gedişlərinin və komandanın hücum potensialının kubokda uğur qazanmaq üçün yetərsiz olduğunu vurğulayırlar.

Xatırladaq ki, “Medaş Konya Böyükşəhər” stadionunda keçirilən və əsas vaxtı qolsuz bitən qarşılaşmanın taleyini uzatma dəqiqələrinin sonunda təyin edilən penalti zərbəsi həll edib.

İdman.Biz