İngiltərə Premyer Liqasında(İPL) kubok oyunları ilə əlaqədar bu gün və sabah 34-cü turun üç təxirə salınmış matçı baş tutacaq.
İdman.Biz xəbər verir ki, cari həftə İPL-də xüsusi əhəmiyyət kəsb edir: “Çelsi” Çempionlar Liqasına vəsiqə uğrunda mübarizəni daha da çətinləşdirmək riski ilə üz-üzədir, “Mançester Siti” isə “Arsenal” üzərində 2:1 hesablı qələbədən sonra liderə xeyli yaxınlaşıb.
Hazırda “Arsenal” 33 oyundan sonra 70 xalla birinci pillədə qərarlaşıb, “Siti” isə 32 matçdan sonra 67 xala malikdir. Təxirə salınmış oyunda “Bernli” üzərində qələbə Pep Quardiolanın komandasını artıq həftəsonuna qədər zirvəyə yüksəldə bilər.
“Brayton” – “Çelsi”
“Brayton” – “Çelsi” qarşılaşması “Çelsi” üçün həftənin ən vacib oyunlarından biridir. Londonlular hazırda 48 xalla altıncı yerdədir və eyni xala malik komandalar qrupuna daxildir. Onlar beşinci pillədəki “Liverpul”dan 7, dördüncü yerdə olan “Aston Villa”dan isə 10 xal geri qalırlar. “Brayton” 47 xalla doqquzuncudur. Məğlubiyyət halında Liam Roseniorun komandası nəinki tempini itirə, həm də bir neçə birbaşa rəqiblə mübarizədə daha çətin vəziyyətə düşə bilər.
Bu qarşılaşmanın əlavə intriqası da var. “Brayton” çempionatdakı son iki oyunda “Çelsi”ni məğlub edib, cari mövsümün ilk dövrəsində isə “Stemford Bric”də 3:1 hesablı qələbə qazanıb. Meydan sahibləri oyuna müəyyən itkilərlə çıxacaq: Dieqo Qomes, Solli Març, Ceyms Milner oynamayacaq, lakin Kaoru Mitomanin iştirakı gözlənilir. “Çelsi”də Estevao Villianın meydanda olmayacaq, Enzo Fernandez hazırdır, Joao Pedro ilə bağlı qərar isə son anda veriləcək.
“Bernli” – “Mançester Siti”
Əgər Braytondakı oyun avrokuboklar baxımından önəmlidirsə, “Turf Moor” stadionunda keçiriləcək görüş çempionluq yarışına birbaşa təsir edir. “Arsenal” üzərində qələbədən sonra “Mançester Siti” fərqi 3 xala endirib və ehtiyatda bir oyunu var. Bu səbəbdən Pep Quardiolanın komandası üçün hər növbəti matç böyük əhəmiyyət daşıyır. “Bernli” üzərində qələbə onları turun əsas oyunları başlamazdan əvvəl liderliyə yüksəldə bilər.
“Siti”nin heyəti ilə bağlı müsbət xəbərlər də var: bəzi futbolçular zədədən qayıdıb, lakin bir neçə oyunçu hələ də sıradan çıxıb. Şəxsi qarşılaşmaların statistikası isə tamamilə qonaqların xeyrinədir - “Mançester Siti” son oyunların əksəriyyətində “Bernli”ni məğlub edib və bu görüşə aşkar favorit kimi çıxır. Meydan sahiblərinin vəziyyəti isə xeyli ağırdır: komanda düşmə zonasındadır və bu oyundakı məğlubiyyət Premyer Liqada qalmaq şanslarını demək olar ki, sıfıra endirə bilər.
34-cü turun oyun cədvəli:
21 aprel
“Brayton” – “Çelsi”
22 aprel
“Bornmut” – “Lids”
“Bernli” – “Mançester Siti”
24 aprel
“Sanderlend” – “Nottinqem Forest”
25 aprel
“Fulhem” – “Aston Villa”
“Liverpul” – “Kristal Pelas”
“Vest Hem” – “Everton”
“Vulverhempton” – “Tottenhem”
“Arsenal” – “Nyukasl”
27 aprel
“Mançester Yunayted” – “Brentford”
34-cü tur ərəfəsində turnir cədvəli:
“Arsenal” – 70
“Mançester Siti” – 67
“Mançester Yunayted” – 58
“Aston Villa” – 58
“Liverpul” – 55
“Çelsi” – 48
“Brentford” – 48
“Bornmut” – 48
“Brayton” – 47
“Everton” – 47
“Sanderlend” – 46
“Fulhem” – 45
“Kristal Pelas” – 43
“Nyukasl” – 42
“Lids” – 39
“Nottingem Forest” – 36
“Vest Hem” – 33
“Tottenhem” – 31
“Bernli” – 20
“Vulverhempton” – 17
