Vaqif Sadıqov: “Qarabağ” nüfuzunu qorumaq üçün kubokda uğur qazanmağa çalışacaq”

21 Aprel 2026 15:54
115
Vaqif Sadıqov: “Qarabağ” nüfuzunu qorumaq üçün kubokda uğur qazanmağa çalışacaq”

“Yarımfinal mərhələsində mübarizə aparan bütün komandaların məqsədi finala yüksələrək kubokun qalibi olmaqdır. Hər kollektiv üçün cəmi bir oyun qalır və istənilən nəticə mümkündür. Hər şey həmin qarşılaşmalarda müəyyənləşəcək”.

Bu sözləri AFFA Məşqçilər Komitəsinin sədri Vaqif Sadıqov Azərbaycan Kubokunun yarımfinal mərhələsinin cavab matçları barədə danışarkən deyib.

O bildirib ki, “Zirə” - “Turan Tovuz” duelində hələ heç nə həll olunmayıb.

“Cavab oyunlarıdır və kubokun taleyi demək olar ki, bir matçda həll olunur. İlk görüşdə müəyyən üstünlük əldə edilsə də, bu, yekun nəticə üçün həlledici deyil. “Zirə” bu gün öz meydanında çıxış edəcək, lakin rəqibin də ciddi hədəfləri var. Hesab edirəm ki, “Zirə”nin müəyyən üstünlüyü olsa da, ümumi mənzərədə şanslar bərabərdir və bizi maraqlı qarşılaşma gözləyir”, - deyə o, AZƏRTAC-a açıqlamasında vurğulayıb.

V.Sadıqov “Sabah” - “Qarabağ” oyunu barədə də fikirlərini bölüşüb: “Düşünürəm ki, “Qarabağ” mövsümü titulsuz başa vurmamaq və nüfuzunu qorumaq üçün kubokda uğur qazanmağa çalışacaq. Bu mövsüm “Sabah”a qarşı oyunlarda istədiyi nəticələri hər zaman əldə edə bilməyib. Bu da onu göstərir ki, iki güclü komanda üz-üzə gələcək və bizi gərgin mübarizə gözləyir”.

AFFA rəsmisi qeyd edib ki, kubok oyunlarının spesifikası nəticələri əvvəlcədən proqnozlaşdırmağa imkan vermir: “İlk qarşılaşmaların nəticələrini də nəzərə alsaq, cavab matçlarında gərgin və rəqabətli oyunlar izləyəcəyik. “Sabah” həm çempionatda, həm də kubokda uğurlu çıxışını davam etdirmək niyyətindədir. “Qarabağ” isə son illərin ən stabil komandalarından biridir və yenə yüksək nəticə qazanmağa çalışacaq. Ümumilikdə, şansları bərabər qiymətləndirirəm”.

Qeyd edək ki, bu gün Azərbaycan Kubokunda ilk finalçı müəyyənləşəcək. Yarımfinalın cavab matçında “Turan Tovuz” “Zirə”nin qonağı olacaq. İlk görüşdə Bakı klubu 2:0 hesablı qələbə qazanıb. Digər cavab görüşü isə aprelin 22-də “Sabah” ilə “Qarabağ” arasında keçiriləcək. İlk matçda qalib müəyyənləşməyib - 2:2.

İdman.Biz