AFFA “Qarabağ” və “Sabah” klublarını cəzalandırıb.
İdman.Biz xəbər verir ki, bu barədə qurumun İntizam Komitəsi qərar verib.
Azərbaycan Premyer Liqasının 28-ci turunda baş tutan “Qarabağ” - “Sabah” (0:1) matçından sonra hər iki komandanın azarkeş sektorlarından meydana kənar şəxslərin daxil olması klubları ziyana salıb. Cari mövsümdə bu halın ikinci dəfə yaşanması səbəbindən “Qarabağ” və “Sabah” klublarının hər biri 5000 manat məbləğində cərimə olunub.
“Araz-Naxçıvan” - “Turan Tovuz” oyunu bitdikdən sonra meydançaya kənar şəxslər daxil olduğuna və bu hal cari mövsümdə ikinci dəfə təkrarlandığına görə “Araz-Naxçıvan” da 5000 manat cərimələnib.
Həmçinin “Sabah”ın altı futbolçusu sarı vərəqə aldığı üçün klub əlavə 700 manat cərimə edilib. Komandanın oyunçusu Abdulla Xaybullayev ciddi qayda pozuntusuna görə birbaşa qırmızı vərəqə aldığı üçün 2 oyunluq cəzalandırılıb, paytaxt təmsilçisi isə daha 1000 manat cəriməyə məruz qalıb.
