İspaniyanın “Real Madrid” futbol klubunun rəhbərliyi komandanın əsas müdafiəçilərindən olan Antonio Rüdigerə yeni müqavilə təklif edib. Lakin tərəflər arasında müqavilənin müddəti ilə bağlı fərqli mövqelər mövcuddur.
İdman.Biz tanınmış insayder Xose Feliks Diasa istinadla xəbər verir ki, “kral klubu” təcrübəli müdafiəçiyə mövcud sözləşməsinin müddətini daha bir il artırmağı təklif edib. Rüdigerin ilkin istəyi isə müqaviləni ikiillik yeniləmək olub.
Buna baxmayaraq, Madrid təmsilçisinin rəhbərliyi almaniyalı futbolçunun klubun təklifini qəbul edəcəyinə ümid edir. Klubun 30 yaşdan yuxarı futbolçularla bağlı tətbiq etdiyi siyasətə uyğun olaraq, müqavilələrin adətən birillik uzadılması nəzərdə tutulur.
Xatırladaq ki, Antonio Rüdiger “Real”a 2022-ci ilin yayında “Çelsi”dən azad agent statusu ilə qoşulub. O, qısa müddətdə Karlo Ançelottinin komandasında müdafiənin mərkəzində əsas fiqurlardan birinə çevrilib.
