İngiltərə Premyer Liqasının 33-cü turunun mərkəzi qarşılaşmasında “Mançester Siti” öz meydanında “Arsenal”ı qəbul edib. Mançesterdəki “Etihad” stadionunda baş tutan gərgin mübarizə meydan sahiblərinin 2:1 hesablı qələbəsi ilə başa çatıb.
İdman.Biz xəbər verir ki, matçda hesabı 16-cı dəqiqədə “Siti”nin yarımmüdafiəçisi Rayan Şerki açıb. Cəmi iki dəqiqə sonra qonaqların hücumçusu Kay Haverts tarazlığı bərpa etməyi bacarıb.
Qarşılaşmanın taleyini həll edən qol isə ikinci hissədə vurulub. 65-ci dəqiqədə səhnəyə çıxan ulduz forvard Erlinq Holand komandasına üç xal qazandıran qola imza atıb.
Bu qalibiyyətdən sonra xallarının sayını 67-yə çatdıran “Mançester Siti” turnir cədvəlində ikinci pillədə qərarlaşıb. Hazırda lider olan “Arsenal”dan (70 xal) cəmi 3 xal geri qalan Pep Qvardiolanın yetirmələrinin ehtiyatda bir oyunu da var.
19:34
“Liverpul” İngiltərə Premyer Liqasının 33-cü turunda Mersisayd derbisində “Everton”u 2:1 hesabı ilə məğlub edib.
İdman.Biz xəbər verir ki, matçda hesabı 29-cu dəqiqədə qonaqların hücumçusu Məhəmməd Salah açıb. Meydan sahiblərinin cavab qoluna isə 54-cü dəqiqədə Betu imza atıb.
Gərgin keçən mübarizənin taleyi son saniyələrdə həll olunub. “Qırmızılar”ın müdafiəçisi Vircil van Deyk 90+10-cu dəqiqədə vurduğu qolla komandasına qələbə qazandırıb.
Oyunun ikinci hissəsində “Liverpul”un qapıçısı Georgi Mamardaşvili zədələnərək meydanı xərəkdə tərk edib. Onu klubun üçüncü qolkiperi Freddi Vudmen əvəzləyib.
Bu nəticədən sonra xallarını 55-ə çatdıran “Liverpul” turnir cədvəlinin beşinci pilləsində qərarlaşıb. 47 xalı olan “Everton” isə 10-cu sıradadır.
“Aston Villa” öz meydanında “Sanderlend”i qəbul edib. Birminhem təmsilçisi inanılmaz qol duellosundan 4:3 hesablı qələbə ilə ayrılıb.
Unay Emerinin komandası artıq ikinci dəqiqədə Con Makqinnin ötürməsindən sonra Olli Uotkinsin qolu ilə hesabı açıb. Qonaqlar Kristofer Riqqinin qolu ilə tarazlığı bərpa etsələr də, Uotkins dubl edərək meydan sahiblərini yenidən irəli çıxarıb.
İkinci hissənin əvvəlində (46-cı dəqiqə) Rocers birminqemlilərin üstünlüyünü artıraraq hesabı 3:1 edib. Lakin qarşılaşmanın sonu böyük drama səhnə olub. 86-cı dəqiqədə Tray Ham fərqi azaldıb, dərhal sonra isə Vilson İzidor “Sanderlend”in bərabərlik qoluna imza atıb – 3:3.
Buna baxmayaraq, “Aston Villa” son saniyələrdə üç xalı qoparmağı bacarıb. Temmi Abraham vurduğu qolla komandasına dramatik qələbə qazandırıb.
Paralel keçən matçda “Nottinqem Forest” isə öz meydanında “Bernli”yə 4:1 hesabı ilə qalib gəlib.
