İngiltərə Premyer Liqasının 33-cü turunda evdə “Mançester Yunayted”ə minimal hesabla (0:1) məğlub olan “Çelsi”nin baş məşqçisi Liam Rosenyor komandasının Çempionlar Liqasına vəsiqə qazanmaq şansları barədə danışıb. Mütəxəssis bu məğlubiyyətin işlərini çətinləşdirdiyini, lakin vəziyyətin hələ də düzələ biləcəyini qeyd edib.
İdman.Biz “Sky Sports” nəşrinə istinadla xəbər verir ki, Rosenyor oyunun nəticəsindən məyusluğunu gizlətməyib.
O, rəqibin cəmi bir dəqiq zərbə ilə qələbə qazanmasının qəbulolunmaz olduğunu vurğulayıb:
“Bu məğlubiyyət qarşımıza həll edilməli olan çətin bir tapşırıq qoyur. Lakin bu, imkansız deyil. Çempionlar Liqasına düşə bilməsək, bunun nəticələrinin necə olacağını bilmirəm, bunu mövsümün sonunda müzakirə edəcəyik. İnsanlar məndən komandanın nə qədər yaxşı oynadığını, lakin qələbə qazana bilmədiyini eşitmək istəmirlər. Reallıq budur ki, “Mançester Yunayted”in cəmi bir zərbəsi oldu və onlar qalib gəldilər. Bu, baş verməməli idi”.
Qeyd edək ki, bu məğlubiyyətdən sonra 48 xalla altıncı pillədə qalan “zadəganlar” ilk dördlükdən bir qədər də uzaqlaşıblar.
