Emin Mahmudov: “Futbol oynamırıq, hakimlərə qarşı oynayırıq” - MÜSAHİBƏ

18 Aprel 2026 13:41
194
Emin Mahmudov: “Futbol oynamırıq, hakimlərə qarşı oynayırıq” - MÜSAHİBƏ

“Məncə, futboldan danışmağın yeri yoxdur”.

Bunu "Neftçi"nin kapitanı Emin Mahmudov sport24.az-a müsahibəsində deyib.

Həmin müsahibəni təqdim edirik.

- Misli Premyer Liqasının 28-ci turunda "Zirə" ilə heç-heçə (1:1) etdiniz. Oyun haqqında fikirlərin necədir?

- ⁠Məncə, futboldan danışmağın yeri yoxdur. Biz başa düşürük ki, futbol oynamırıq. Hakimlərə qarşı oynayırıq. Neçənci matçdır ki, sonuncu dəqiqələrdə bizə qarşı belə edirlər. Hər oyunda sonuncu dəqiqə olanda gözləyirəm ki, hakim nəsə çıxaracaq, nələrsə edəcək ki, biz qalib gəlməyək. Çalışırıq, xarakter göstəririk və yaxşı oyun sərgiləyirik. Baxıram ki, bizim üçün çətin olacaq. Amma azarkeşlərimizin dəstəyi ilə avrokuboklara getməyə çalışacağıq. İndi çıxacaqlar, deyəcək ki, qapıçı topu görüb. Bəs oyundan kənar vəziyyət necə olur? Dirsək necə olur? Onu da bilmirik. Bir yerdə deyir dirsək penaltidir. Digərində deyir ki, penalti deyil. Özündən soruşsan, bilmir ki, nə penaltidir, nə oyundan kənar vəziyyətdir. Amma davam edirik. Başa düşdük ki, nə etsək də, bizə çətinlik yaradacaqlar.

- Belə çıxır fərək hər oyunda minimum 2-3 qol vurasınız?

- ⁠Bəli. "Zirə" elə komanda deyil ki, onlara rahat 2-3 top vura biləsən. VAR sistemi nə üçün lazımdır? Başa düşmürəm. Məncə, VAR-ı ləğv etmək lazımdır. VAR-da əyləşən kimdir, bilmirəm. VAR nəyə və kimə lazımdır?

- Belə fikirlər də var ki, orada oyundan kənar vəziyyət yoxdur…

- ⁠Həmin epizodun oyundan kənar olduğunu deməyən ya kordur, ya da gözləri əyridir, görmür. Başqa yolu yoxdur.

- Sizcə, bu hakim haqsızlıqları nə vaxtadək davam edəcək? Artıq mövsümün sonuna az qalıb.

- ⁠Biz əlimizdən gələni edəcəyik ki, 2-3 qol vurub qələbə qazanaq. Çünki başqa yolumuz yoxdur. Bir qolla qalib gələ bilmərik. 3-4 qol vurmaq lazımdır. Bu gün VAR-da oturan hakim oyunu həll etdi.

- Oyunun sonlarında insident yaşandı. Bu nə ilə bağlı idi?

- ⁠Rəqib futbolçu Martinq Junior bizə tərəf gələrək hörmətsizlik etdi. Qarşımızda sevinməyə başladı.

- Oyundan sonra "Zirə"nin baş məşqçisi Rəşad Sadıqov onun adından üzr istədi.

- ⁠Çox sağ olsun.

- Breno Almeyda görüşün sonunda qırmızı vərəqə aldı. Yəqin ki, bunun "Qarabağ"la oyuna təsiri olacaq.

- ⁠Hakim vərəqələri paylayırdı. Ancaq bizə verirdi. Rəqibdən köməkçi məşqçiyə qırmızı vərəqə verilir, bizdə futbolçuya. Onlar bizim qarşımızda sevinsin, hər şeyi etsin. Amma qırmızılar bizə verilsin. Başa düşülür. Qarşıdan "Qarabağ"la oyun gəlir.

- Sizcə, bilərəkdən verilib?

- ⁠Bilmirəm. Bizə qırmızı vərəqələr verir. Baxıram ki, bizi düşünən heç kim yoxdur. Özümüz fikirləşməliyik.

İdman.Biz