İspaniyanın “Real” futbol klubunun rəhbərliyi yarımmüdafiəçi Eduardo Kamavinqa ilə yolları ayırmaq barədə ciddi qərar qəbul edib.
İdman.Biz “El Mundo” nəşrinə istinadla xəbər verir ki, Madrid klubu Çempionlar Liqasının 1/4 finalında “Bavariya” ilə keçirilən cavab görüşündə (4:3) fransalı futbolçunun aldığı qırmızı vərəqə və meydandakı davranışı ilə barışmaq niyyətində deyil.
Klub vərəqənin haqsız olduğunu düşünsə də, futbolçunun qeyri-etik hərəkətinə daha çox diqqət yetirib. Xatırladaq ki, 78-ci dəqiqədə ilk xəbərdarlığını alan Kamavinqa, 86-cı dəqiqədə Harri Keynə qarşı qayda pozuntusundan sonra topu götürərək hadisə yerindən uzaqlaşıb və bu hərəkətinə görə ikinci sarı vərəqə ilə meydandan qovulub.
Mənbənin məlumatına görə, “Kral klubu” artıq bir müddətdir ki, 23 yaşlı futbolçunun meydandakı tez-tez təkrarlanan səhvlərini izləyir. Bu son hadisə rəhbərliyin onu transferə çıxarması ilə nəticələnib. “Real” hesab edir ki, fransalı oyunçunun satışından əldə olunacaq yüksək məbləğ digər transfer hədəflərinin maliyyələşdirilməsi üçün əla fürsət olacaq.
