Portuqaliya futbol millisinin yarımmüdafiəçisi Bernardo Silva cari mövsümün sonunda “Mançester Siti”ni tərk edəcək.
İdman.Biz xəbər verir ki, futbolçu bu barədə sosial şəbəkə hesablarında məlumat paylaşıb, daha sonra isə xəbər klubun mətbuat xidməti tərəfindən rəsmən təsdiqlənib.
Bernardo 2017-ci ildən “şəhərlilər”in şərəfini qoruyur. Mançesterdə keçirdiyi doqquz il ərzində o, Çempionlar Liqası kuboku və altı İngiltərə Premyer Liqası çempionluğu
da daxil olmaqla, ümumilikdə 19 mühüm titul qazanıb. Portuqaliyalı futbolçu klubun tarixi nailiyyətlərində – Premyer Liqada 100 xal toplanmasında, “trebl” edilməsində və ardıcıl dördüncü çempionluq rekordunda birbaşa iştirak edib.
Silva vida müraciətində bu şəhərin və klubun ona ümid etdiyindən daha çox şey verdiyini vurğulayıb:
“Birlikdə qazandıqlarımız və əldə etdiyimiz uğurlar ürəyimdə əbədi qalacaq bir mirasdır. Mən bura futbolçu kimi gəldim, ancaq sizin aranızdan biri, klubun ömürlük azarkeşi kimi ayrılıram”.
Ulduz yarımmüdafiəçi həmçinin Pep Qvardiolaya, komanda yoldaşlarına və azarkeşlərə sonsuz dəstəyə görə təşəkkür edib. O, fanatları cari mövsümün son həftələrindən həzz almağa və komandaya inanmağa davam etməyə çağırıb.
