Azərbaycan futbolunda uzun illərdir ölkə çempionu ilə kubokun qalibini üz-üzə gətirən Superkubok oyunu keçirilmir.
İdman.Biz AZƏRTAC-a istinadən xəbər verir ki, bu qarşılaşma müstəqillik dövründə cəmi dörd dəfə təşkil olunub.
İlk Superkubok oyunu 1993-cü il fevralın 21-də oynanılıb. Sumqayıtda “Neftçi” ilə “İnşaatçı Bakı” komandaları arasında keçirilmiş qarşılaşma “ağ-qaralar”ın qələbəsi ilə yekunlaşıb – 4:1.
1993-cü ildə təşkil olunan Superkubok matçı baş tutmayıb. Mövsümü “qızıl dubl”la başa vuran “Qarabağ” təşkilatçılar tərəfindən üç titulla mükafatlandırılıb.
1994-1995-ci illər mövsümündə çempion olan “Kəpəz” Superkubok uğrunda oynamaqdan imtina etdiyi üçün ölkə kubokunun qalibi “Neftçi”nin qarşısına vitse-çempion “Turan” komandası çıxıb. Əsas vaxtı 1:1 hesabı ilə bitən görüşdə paytaxt təmsilçisi penaltilər seriyasında (8:7) qalib gələrək sonuncu dəfə Superkuboka sahib çıxıb.
Azərbaycan Superkuboku uğrunda sonuncu görüş 2013-cü ildə Naxçıvanda əzəli rəqiblər olan “Xəzər Lənkəran” və “Neftçi” arasında baş tutub. Bölgə təmsilçisi meydandan 2:1 hesablı qələbə ilə qalib ayrılaraq, titulun hələlik son sahibi olub.
Görəsən, dünyanın bir çox ölkəsində təşkil olunan prinsipial qarşılaşma Azərbaycanda yenidən bərpa olunacaqmı?
Məsələ ilə bağlı sualımızı Peşəkar Futbol Liqasına (PFL) ünvanladıq. Qurumun Media və marketinq direktoru Sənan Abdullayev Azərbaycan Superkuboku uğrunda oyunun keçirilməsinin 2025/26-cı il mövsümü üçün gündəmdə olmadığını söyləyib: “Buna səbəb klublarımızın avrokuboklara hazırlığı, Superkubokun avrokuboklara yer verməməsi, mükafatın olmaması səbəbindən matça klublarımızın maraq göstərməməsidir. Superkubok bizdə sonuncu dəfə 2012-ci ildə keçirilib. Bu matçın təşkili üçün vaxt olduqca önəmli amildir. Hazırda aktual deyil. Amma bildirdiyimiz kimi, bu təcrübə bizdə olub. Gələcəkdə bu görüşün bərpası mümkün olarsa, əlavə məlumatlar veriləcək”.
