“Qarabağ” - “Sabah” matçını hər iki komandanın yaxşı tanıdığı hakim idarə edəcək – İDMAN.BİZ-in İCMALI

18 Aprel 2026 11:22
199
“Qarabağ” - “Sabah” matçını hər iki komandanın yaxşı tanıdığı hakim idarə edəcək – İDMAN.BİZ-in İCMALI

Azərbaycan Premyer Liqasının 28-ci turunun mərkəzi oyunu – aprelin 18-də, şənbə günü keçiriləcək “Qarabağ” – “Sabah” matçını cari mövsümdə komandaların əvvəlki qarşılaşmalarını idarə edən eyni hakimlər briqadası idarə edəcək.

İdman.Biz xəbər verir ki, qarşıdakı oyunun baş hakimi FIFA referisi Elçin Məsiyev olacaq.

Ona Elşad Abdullayev və Pərvin Talıbov kömək edəcəklər. Dördüncü hakim İnqilab Məmmədov təyin olunub. VAR hakimi Tural Qurbanov, VAR köməkçisi isə Cəmil Quliyev olacaq.

Bu briqadanın təyinatı onunla diqqət çəkir ki, üzvləri cari mövsümdə komandaların üz-üzə oyunlarında artıq çalışıblar. Dekabrda keçirilmiş və təxirə salınmış I tur oyununda baş hakim Məsiyev, VAR hakimi isə Qurbanov idi. Martda baş tutan II dövrə görüşündə rollar dəyişmişdi: baş hakim Qurbanov, VAR hakimi isə Məsiyev olmuşdu. Həmin oyunlarda Abdullayev, Talıbov və Quliyev də iştirak ediblər.

Qeyd edək ki, cari mövsümdə komandaların əvvəlki iki qarşılaşmasında Qurban Qurbanovun kollektivi qələbə qazana bilməyib: dekabr oyununda Valdas Dambrauskasın komandası 2:1 hesabı ilə qalib gəlib, ikinci görüş isə 3:3 hesablı heç-heçə ilə başa çatıb.

Yeri gəlmişkən, aprelin 3-də keçirilmiş Azərbaycan Kubokunun yarımfinal mərhələsinin ilk oyununda da “Qarabağ” və “Sabah” matçında tanış simalar yer almışdı. Həmin görüşdə baş hakim Rauf Cabbarova Elşad Abdullayev, Pərvin Talıbov və İnqilab Məmmədov kömək edirdi. O oyunda da Ağdam təmsilçisi qələbə qazana bilməmişdi – 2:2.

2025/26 mövsümünün Premyer Liqasında “Qarabağ” və “Sabah”ın digər rəqiblərlə oyunlarına təyinatlara nəzər salsaq, hazırkı briqadadakı bəzi hakimlərin adlarının tez-tez təkrarlandığını görmək olar.

Bu komandaların çempionat oyunlarında ən çox təyinat alan hakim Tural Qurbanov olub – 12 dəfə. O, müxtəlif rollarda – baş hakim, VAR, AVAR və dördüncü hakim kimi çalışıb. Elşad Abdullayev isə bu cür oyunlara səkkiz dəfə təyin olunub.

Pərvin Talıbov və İnqilab Məmmədov “Qarabağ” və “Sabah”ın digər rəqiblərlə matçlarında dörd dəfə, Elçin Məsiyev üç dəfə, Cəmil Quliyev isə iki dəfə iştirak edib.

Əlavə edək ki, 28-ci tur ərəfəsində “Sabah” 66 xalla turnir cədvəlinə başçılıq edir. “Qarabağ” isə 10 xal geri qalaraq ikinci pillədə qərarlaşıb və bir oyunu ehtiyatda var. Ağdam klubunun bu gün qələbəsi çempionluq yarışında intriqanı qoruyacaq, “Sabah”ın uğuru isə faktiki olaraq 2025/26 mövsümünün çempionu ilə bağlı bütün suallara aydınlıq gətirəcək.

İdman.Biz