İngiltərənin “Mançester Yunayted” futbol klubu bu yay “Lester”in gənc istedadı Ceremi Monqanı transfer etməkdə maraqlıdır. “Old Trafford”da “Lids”ə qarşı tarixi məğlubiyyət komandanın yay planlarını ciddi şəkildə dəyişə bilər.
İdman.Biz “TEAMtalk” nəşrinə istinadla xəbər verir ki, ötən yay Brayan Mbeumo, Mateus Kunya və Bencamin Sesko kimi hücumçuları heyətinə qatan mançesterlilər yenə də ön xətti gücləndirmək niyyətindədirlər. Klub rəhbərliyi uzunmüddətli uğur planlarına uyğun olaraq 16 yaşlı Monqa üçün rəsmi təklif hazırlayır.
16 yaşlı vunderkindlə maraqlanan təkcə “Mançester Yunayted” deyil. “Mançester Siti”, “Arsenal”, “Tottenhem” və “Liverpul” da 2026/2027-ci illər mövsümü öncəsi onu öz sıralarına qatmağı planlaşdırır.
“Lester” iyulun ortalarında 17 yaşı tamam olacaq Monqa ilə peşəkar müqavilə imzalamaq hüququna malikdir. Lakin klub rəhbərliyi İngiltərə nəhənglərinin bu transferdə nə dərəcədə qərarlı olduğunu yaxşı anlayır. Avqust ayında “Preston”un qapısına yol tapan Monqa “Real Madrid”in və İngiltərə millisinin ulduzu Cud Bellingemə məxsus rekordu yeniləyərək Çempionşip tarixində qol vuran ən gənc futbolçu olub.
