“Sabah çox vacib oyuna çıxacağıq. Andorra yığması ilə ardıcıl iki dəfə qarşılaşacağıq”.
İdman.Biz xəbər verir ki, bu sözləri qadın futbolçulardan ibarət Azərbaycan milli komandasının baş məşqçisi Siyasət Əsgərov dünya çempionatının seçmə mərhələsi çərçivəsində Andorra yığması ilə səfərdə keçiriləcək oyunöncəsi AFFA-nın mətbuat xidmətinə açıqlamasında bildirib.
“İndiki məqamda yalnız səfər matçını düşünürük. Qrupda daha yaxşı mövqedə qərarlaşmaq üçün Andorra ilə görüşlər böyük önəm kəsb edir. İspaniyada beş günlük təlim-məşq toplanışı keçdik, oyuna yaxşı hazırlaşdıq. Futbolçular da çox həvəslidirlər, matçın vacibliyini dərk edirlər. Rəqib barədə bütün məlumatları onlarla bölüşmüşük. Komanda oyuna tam hazırdır. Məqsədimiz Andorra ilə hər iki oyunda qələbə qazanmaqdır”, - deyə o söyləyib.
Qeyd edək ki, C liqasının üçüncü qrupu çərçivəsində aprelin 14-də Andorra la Vella şəhərindəki Milli Stadionda keçiriləcək Andorra - Azərbaycan oyunu Bakı vaxtı ilə saat 21:00-da başlanacaq.
