Dünya futbolu tarixində qadınların kişi komandalarına rəhbərlik etdiyi və hətta onları çempionluğa apardığı hallar olub.
Mari-Luiza Etanın “Union Berlin” klubunda baş məşqçi təyin olunması təkcə Almaniya deyil, bütün Avropa futbolu üçün əlamətdar hadisəyə çevrilib.
İdman.Biz xəbər verir ki, Berlin klubu Şteffen Baumqartın gedişindən sonra kişi komandasını məhz ona həvalə edib.
Etta bununla həm Bundesliqa klubuna rəhbərlik edən ilk qadın, həm də Avropanın TOP-5 liqalarından birində kişi komandasının baş məşqçisi olan ilk qadın kimi tarixə düşüb. Kişi futbolunda bu cür halların nadir olduğu nəzərə alınsa, bu, həqiqətən yeni mərhələ sayılır.
Təsdiqlənmiş və geniş sənədləşdirilmiş ilk belə nümunələrdən biri İtaliyaya aiddir. 1999-cu ildə Karolina Morase “Viterbeze” klubunu (Seriya C1) çalışdıraraq kişi peşəkar komandasının başına keçən ilk qadın olub. Onun fəaliyyəti uzun çəkməsə də, bu hadisə uzun müddət yeganə nümunələrdən biri kimi qalıb.
Növbəti diqqətçəkən hadisə Fransada baş verib. 2014-cü ildə “Klermon” Helena Kostanı baş məşqçi təyin etsə də, o, ilk oyuna çıxmadan vəzifəsindən ayrılıb. Daha sonra komandaya Korinn Diakr gətirilib və o, Fransada kişi peşəkar komandasını rəsmi oyuna çıxaran ilk qadın kimi tarixə düşüb. Bu hadisə kişi futbolunda baryerlərin tədricən aradan qalxdığını göstərən simvollardan biri olub.
Ən parlaq uğur hekayələrindən biri Honkonqda yaşanıb. 2015-ci ilin dekabrında Çan Yuen-Tin “İstern” klubuna baş məşqçi təyin olunub və 22 aprel 2016-cı ildə komanda “Saut Çayna” üzərində 2:1 hesablı qələbə qazanaraq çempion olub. Bu titul klub üçün 21 ildən sonra ilk çempionluq idi. Çan isə kişi komandasını yüksək liqada çempion edən ilk qadın kimi tarix yazıb.
O, 2017-ci ildə də ilkə imza ataraq kişi klubunu Asiya Çempionlar Liqası matçına çıxaran ilk qadın məşqçi olub.
Sonrakı illərdə də mühüm hadisələr qeydə alınıb. 2021-ci ildə Helen Nkvoca Farer adalarının “Tvöroyri” klubunda müvəqqəti baş məşqçi kimi çalışaraq Avropada yüksək liqa təmsilçisi olan kişi komandasını çalışdıran ilk qadın olub.
2023-cü ildə “Forest Green Rovers” Hanna Dinqlini müvəqqəti baş məşqçi təyin edib. Bununla o, İngiltərədə kişi peşəkar komandasını çalışdıran ilk qadın kimi tarixə düşüb, baxmayaraq ki, onun fəaliyyəti qısa sürüb.
Almaniyada isə yeni mərhələ başlanıb. 2024-cü ilin mayında “İnqolştadt” komandası mövsümün sonuna qədər Sabrina Vittmanna həvalə olunub, iyunda isə onun təyinatı rəsmiləşdirilib. Beləliklə, o, Almaniyanın ilk üç liqasından birində çıxış edən kişi komandasına rəhbərlik edən ilk qadın olub. Onun rəhbərliyi altında “İnqolştadt” dörd oyunda məğlub olmayıb və Bavariya kubokunu qazanıb.
Bu fonda Ettanın “Union Berlin”ə təyinatı artıq təkcə sensasiya deyil, daha böyük səviyyədə – Bundesliqa və Avropa elitasında atılan növbəti addım kimi qiymətləndirilir.
Azərbaycan futbolunda isə bu proses hələ yeni başlayır. 2025-ci ilin mayında Zülfiyyə Bayramova kişi komandasında işləyən ilk qadın kimi tarixə düşüb. O, “Şimal” klubunun məşqçilər korpusuna qapıçılar üzrə məşqçi kimi qoşulub.
Həmin vaxt “Şimal” II Liqada çıxış edir və növbəti mövsüm üçün I Liqaya vəsiqəni təmin etmişdi. Bu, hələ qadının kişi klubuna rəhbərlik etməsi deyil, lakin Azərbaycan futbolunda dəyişikliklərin başlanğıcını göstərən mühüm addım kimi qiymətləndirilir.
