“Tottenhem”in sabiq baş məşqçisi Joze Mourinyo klubun hazırkı problemlərinin rəhbərliyin qərarlarının birbaşa nəticəsi olduğunu bildirib.
İdman.Biz bu barədə xarici KİV-ə istinadən xəbər verir.
“Ümumiyyətlə, siz “Tottenhem”dən nə gözləyirsiniz? Orada finallara çıxan məşqçiləri işdən çıxarırlar, hətta Avropa kuboku qazananı belə. Klubun heç vaxt böyük klub mentaliteti olmayıb - onlar sadəcə qalib görüntüsü yaradan, amma mahiyyətcə məğlubdurlar.
Məşqçiləri daim dəyişib, birdən-birə sabitliyin yaranacağını gözləmək olmaz. Klub tarixinin ən vacib oyunlarından birinə bir neçə gün qalmış məşqçini qovmaq, sonra isə onun yerinə gələnlərin məğlubiyyətlərinə təəccüblənmək? Bir nöqtədən sonra məsələ artıq məşqçilərdə deyil, zəhərli mühitdə və rəhbərliyin şübhəli qərarlarındadır. Xarakter olmadan istedad heç nə ifadə etmir. “Tottenhem”də isə nə biri var, nə də digəri”, – deyə Mourinyo bildirib.
Xatırladaq ki, təxminən beş il əvvəl portuqaliyalı mütəxəssis “Tottenhem” klubundan İngiltərə Liqa Kuboku finalına bir neçə gün qalmış uzaqlaşdırılmışdı. Həmin oyunda London təmsilçisi “Mançester Siti” klubuna 0:1 hesabı ilə uduzmuşdu.
Hazırda “Tottenhem” İngiltərə Premyer Liqası turnir cədvəlində aşağı sıralarda qərarlaşıb və aşağı liqaya düşmə zonasında yer alır.
