“Çelsi” İngiltərə Premyer Liqasının 32-ci turunda öz meydanında “Mançester Siti”yə 0:3 hesabı ilə məğlub olub. Bu nəticə ilə “mavilər” bütün turnirlər daxil olmaqla keçirdikləri son altı qarşılaşmanın beşində meydanı xalsız tərk ediblər.
İdman.Biz xəbər verir ki, londonluların bu uğursuz seriyası UEFA Çempionlar Liqasının 1/8 finalında PSJ ilə ilk oyunda (2:5) başlayıb. Daha sonra Liam Rosinyorun yetirmələri Premyer Liqada “Nyukasl Yunayted”ə (0:1), parisli rəqiblərinə qarşı cavab matçında (0:3) və daxili çempionatda “Everton”a (0:3) uduzublar. İngiltərə kubokunda “Port Veyl” üzərində qazanılan darmadağın (7:0) statistikaya müsbət təsir etsə də, “şəhərlilər”lə son görüş yenidən məğlubiyyətlə nəticələnib.
Hazırda 48 xalla Premyer Liqada altıncı pillədə qərarlaşan “Çelsi” növbəti turda, aprelin 18-də “Mançester Yunayted”lə üz-üzə gələcək.
