İngiltərənin “Arsenal” futbol komandasının yarımmüdafiəçisi Deklan Rays baş məşqçi Mikel Artetanın onun inkişafında böyük rol oynadığını bildirib.
İdman.Biz xəbər verir ki, ingiltərəli futbolçu Artetanın onu daha universal yarımmüdafiəçiyə çevirdiyini deyib.
“O, məni daha hərtərəfli yarımmüdafiəçiyə çevirdi. Hücumda da, müdafiədə də, hər yerdə faydalı ola bilən oyunçuya. Stiven Cerrardın özünü hər işdən bir az bacaran yarımmüdafiəçi kimi gördüyünü deməsini eşitmişdim. Mən də özüm barədə eyni fikirdəyəm. Hücumda da kömək edə bilərəm, müdafiədə də. Lazım gəlsə, arxada qalıb müdafiəyə yardım edərəm. Lazım gəlsə, irəli çıxıb hücuma dəstək verərəm”, - deyə bildirib.
Futbolçu Artetanın ona verdiyi xüsusi dəyəri də xatırladıb:
“Fəal olmaq, xarakterimi və güclü tərəflərimi göstərmək istəyirəm. Arteta son illərdə bu baxımdan mənə çox kömək edib. İlk görüşlərimizdən birində o, məni “Arsenal”ın mayakı adlandırdı. Daha əvvəl belə ifadə eşitməmişdim. O, bəzən heç kimdən eşitməyəcəyin sözlər deyir. Bu, mənim üçün çox xüsusi idi”.
