Türkiyədə keçmiş hakim narkotikə görə saxlanıldı - FOTO

12 Aprel 2026 11:13
398
Türkiyədə keçmiş hakim narkotikə görə saxlanıldı - FOTO

İstanbul Cümhuriyyət Baş Prokurorluğu tərəfindən məşhur simalara qarşı aparılan narkotik və fahişəlik istintaqı çərçivəsində gecə saatlarında yeni əməliyyat dalğası başlayıb. Saxlanılanlar arasında intim videosu yayıldığı üçün Türkiyə Futbol Federasiyası (TFF) tərəfindən ömürlük cəzalandırılan keçmiş hakim Elif Karaarslan da var.

İdman.Biz Türkiyə mətbuatına istinadən xəbər verir ki, polisin xüsusi bölmələri İstanbulun Bebek, Kuruçeşme və Etiler səmtlərində yerləşən məşhur əyləncə məkanlarına basqın edib.

Bebekdə yerləşən “Lucca” adlı məkanda narkotik itlərinin iştirakı ilə 1,5 saat davam edən axtarış aparılıb. Məkanda narkotik vasitə aşkar edilməsə də, obyektin sahibi Cem Mirap saxlanılıb.

Etilerdəki reydlər zamanı bəzi tanınmış futbolçuların məkandan sürətlə uzaqlaşdıqları müşahidə edilib. Əməliyyat çərçivəsində sosial media fenomenləri Samet Liçina, Özlem Parlu, Mika Slovana və keçmiş hakim Elif Karaarslan saxlanılıblar.

Xatırladaq ki, 24 yaşlı Elif Karaarslanın 61 yaşlı hakim müşahidəçisi Orhan Erdemir ilə intim görüntülərinin yayıldığı iddia edilmişdi. Bu hadisədən sonra TFF hər iki şəxsi futboldan ömürlük uzaqlaşdırıb. Skandalın ardınca sosial mediada izləyici sayı sürətlə artan gənc hakim, artıq 500 mindən çox təqibçisi olan bir fenomenə çevrilmişdi.

İdman.Biz