Vaxtı ilə ölkəmizdə “Neftçi” futbol klubunun formasını geyinmiş (2020/2021-ci il mövsümündə) Yaponiya futbolunun ulduzu Keysuki Hondanın növbəti dayanacağı Sinqapur çempionatıdır.
İdman.Biz xəbər verir ki, 39 yaşlı K.Honda rebrendinqdən sonra “Juronq” adlanacaq hazırkı “Albireks Niqata Sinqapur” futbol klubunun uğurları üçün çalışacaq.
Yapon futbolçunun sözlərinə görə, onun bu transferdə əsas məqsədi Ginnesin Rekordlar Kitabına düşməkdir. O, daha çox ölkənin yüksək liqasında qol vuran futbolçu kimi dünya rekordunu yeniləmək niyyətindədir.
Hazırda Hondanın top qovduğu çempionatların siyahısında bu ölkələr yer alır: Yaponiya, Niderland, Rusiya, İtaliya, Meksika, Avstraliya, Braziliya, Azərbaycan, Litva və Butan.
Bundan əlavə, o, qısa müddət ərzində Portuqaliyanın “Portimonense” klubunda da çıxış edib və beş il Kamboca milli komandasını (bir müddət həm də gənclər yığmasını) çalışdırıb. Qeyri-adi və müxtəlif ölkələri əhatə edən karyerası ilə Honda futbol dünyasının ən fərqli yol seçən oyunçularından biri hesab olunur.
Məlumat üçün əlavə edək ki, Keysuki Honda 2021-ci ildə, yarım mövsüm Bakının “Neftçi” klubunun sıralarına qoşulub və elə həmin ilə Azərbaycan Premyer Liqasının qızıl medalını qazanıb. O, səkkiz oyunda iki qol vurub.
