İtaliya futbol millisinin sabiq üzvü Dino Bacco ölkə yığmasının 2026 Dünya Çempionatından kənarda qalması fonunda ölkə futbolunun hazırkı durumunu tənqid edib.
İdman.Biz xəbər verir ki, o, A Seriyasının vaxtilə dünyanın ən cəlbedici çempionatı olduğunu xatırladaraq, hazırda liqanın öz nüfuzunu itirdiyini vurğulayıb.
Veteran oyunçu keçmişdə bütün futbolçuların İtaliyada oynamaq istədiyini bildirib. Bacconun sözlərinə görə, o zamanlar legioner sayı az olsa da, onlar dünya səviyyəli ulduzlar idi və klublar seçim edərkən daha diqqətli davranırdılar.
Bacco Premyer Liqa ilə birlikdə A Seriyasının ən rəqabətli çempionat olduğunu qeyd edərək, “Milan”dakı hollandlar - Marko van Basten, Rud Qullit, Frank Raykard, “İnter”dəki almanlar - Lotar Matteus, Andreas Breme, Yurgen Klinsmann, həmçinin 80-ci illərdəki braziliyalılar - Ziko və Paulo Falkaonun adlarını nümunə çəkib, həmin dövrdə liqada çoxsaylı “Qızıl top” sahiblərinin oynadığını xüsusi qeyd edib.
Dino Bacco hazırda ən yaxşı oyunçuların İspaniya, İngiltərə və ya Fransaya getdiyini, İtaliyaya isə digərlərinin üz tutduğunu təəssüflə bildirib.
