İtaliya millisinin DÇ-2026-nın pley-off mərhələsində Bosniya və Herseqovinaya uduzaraq (penaltilər seriyasında 1:4) ardıcıl üçüncü dəfə dünya çempionatından kənarda qalması böyük qalmaqala səbəb olub. “İnter”in sabiq ulduzu Yurgen Klinsmann İtaliya futbolunun acınacaqlı vəziyyəti ilə bağlı sərt fikirlər səsləndirib.
İdman.Biz “Sport” nəşrinə istinadla xəbər verir ki, 61 yaşlı mütəxəssis İtaliyadakı mövcud sistemin gənc istedadların məhv olmasına şərait yaratdığını bildirib. O, hazırkı dünya ulduzlarını nümunə gətirərək sistemi tənqid edib.
“İtaliyada lider çatışmazlığının, texniki cəhətdən mahir oyunçuların yoxluğunun və gənclərə etimadsızlığın bədəli ödənilir. Lamin Yamal və Musiala italyan olsaydılar, yəqin ki, təcrübə toplamaq üçün hələ də “Seriya B”də çıxış edərdilər. Belə yanaşma ola bilməz”, - deyə Klinsmann söyləyib.
Klinsmann uğursuzluğun əsas səbəblərindən biri kimi məşqçilərin müdafiəyə meyilli taktiki fəlsəfəsini göstərib:
“Taktiki mədəniyyət inkişafın qarşısında maneədir. Bir çox məşqçi hələ də qalib gəlmək yox, uduzmamaq üçün oynayır. Nəticə də göz qabağındadır”.
Qeyd edək ki, bu uğursuzluqdan sonra İtaliya futbolunda kütləvi istefalar baş verib. Baş məşqçi Cennaro Qattuzo, İtaliya Futbol Federasiyasının (FIGC) prezidenti Qabriele Qravina və nümayəndə heyətinin rəhbəri Canluici Buffon vəzifələrindən ayrılıblar.
