“Kəpəz”in baş məşqçisi Azər Bağırov Misli Premyer Liqasının 26-cı turunda “Qəbələ”yə uduzduqları matçdan sonra mətbuat konfransı keçirib.
İdman.Biz xəbər verir ki, mütəxəssis ardıcıl uğurlu oyunlardan sonra məğlubiyyətin qaçılmaz olduğunu qeyd edib.
“4-5 turdan sonra bir səhvimizin olacağını ehtimal edirdim. Meydançada “Qəbələ” qələbəni bizdən daha çox istəyirdi. İkinci hissədəki xırda səhvlər qapımızda qolla nəticələndi”, - deyə Bağırov söyləyib.
Baş məşqçi milli komandaya dəvət almaması müzakirə mövzusuna çevrilən qapıçı Yusif İmanovun durumuna da toxunub. O, futbolçuda heç bir ruh düşkünlüyü olmadığını deyib:
“Bu gün hazır deyil ki, millidə yer almayıb. Ayxan Abbasovun seçiminə, beynindəki oyun düşüncəsinə hörmətlə yanaşmalıyıq. Hər məşqçinin öz baxışı var. Yusif daha yaxşı hazırlaşıb zamanı gələndə yenidən yığmaya düşəcək”.
Gələcək fəaliyyəti barədə sualı cavablandıran Bağırov rəhbərliklə hələ rəsmi müqavilə imzalamadığını deyib:
“Bəzi söhbətlərimiz olub, müəyyən məqamlara toxunmuşuq. Amma hər şey büdcəmiz tam dəqiqləşəndən sonra məlum olacaq. Bizim planımız var və işimizə davam edirik”.
