Cud Bellinqem Çempionlar Liqasının “Bavariya” ilə keçiriləcək ilk oyununda “Real”ın start heyətində yer almayacaq.
İdman.Biz “OK Diario” nəşrinə istinadla xəbər verir ki, Madrid klubunun baş məşqçisi Alvaro Arbeloa və rəhbərlik futbolçunun hazırkı vəziyyətindən ciddi narahatdır. Əsas narahatlıq Bellinqemin fevral ayında aldığı əzələ zədəsindən sonra tam bərpa oluna bilməməsi və Arbeloanın tətbiq etdiyi yeni oyun sisteminə uyğunlaşmaqda çətinlik çəkməsi ilə bağlıdır.
Məlumata görə, Arbeloa Bellinqemi hazırda Arda Gülerin daha uğurla çıxış etdiyi mövqedə sınaqdan keçirsə də, ingiltərəli yarımmüdafiəçinin performansı məşqçilər heyətini qane etməyib. Bu səbəbdən, Münhen təmsilçisi ilə vacib qarşılaşmada onun yerinə Eduardo Kamavinqa və ya son vaxtlar parlaq oyun nümayiş etdirən gənc Tiaqo Pitarçın meydana çıxacağı gözlənilir.
Qeyd edək ki, Bellinqem ötən tur “Malyorka” ilə matçda da ehtiyatdan oyuna daxil olsa da, komandasının 1:2 hesablı məğlubiyyətinin qarşısını ala bilməyib. Klub rəhbərliyi 100 milyon avrodan (200 milyon AZN) çox qiyməti olan ulduz futbolçunun sistem daxilində “itib-batmasından” dolayı təşviş içindədir.
